Dünya 12:58 17.06.2022

Toyda gəlinin başına qapaz endirən bəyə cinayət işi açıldı - Məşhur videodan xəbər var

Toyunda gələcək həyat yoldaşını döyən bəyin videosu beynəlxalq gündəmə çevriləndən sonra o xuliqanlıqda ittiham olunub.

Qaynarinfo "Alarabiya” saytına istinadla xəbər verir ki, bu barədə hökumət komitəsi bildirib.

Özbəkistanda bir toyda təşkilatçılar bəylə gəlin arasında kiçik yarışma ediblər. Yarışmada uduzan bəy gəlini döyüb. Hadisənin video görüntüsü beynəlxalq gündəmə çevriləndən sonra isə o, rəsmi ölkə qanunlarına uyğun olaraq xuliqanlıqda ittiham olunub.  

Toyun qonaqları tərəfindən təşkil edilən oyun konfetlərin açılması yarışı olub və oyunda gəlin bəyə qalib gəlib.

"Əsəbi bəy gəlinin başına qapaz endirib", - hökumət komitəsi çərşənbə günü verdiyi açıqlamada bildirib.

Özbəkistanın dövlət ittihamçısı bəyin "xırda xuliqanlıq” maddəsi ilə ittiham edildiyini və günahı sübut olunarsa, cərimə və ya maksimum 15 günlük həbs oluna biləcəyini deyib.

Özbəkistanın qanunverici orqanının yuxarı palatasındakı bir komitə isə icma ağsaqqalları və ər-arvadın qohumlarının iştirak etdiyi zorakılıqla bağlı məhəllə dinləmələrində gənc oğlanın gəlindən üzr istədiyini və etdiyi hərəkətlərdən peşman olduğunu deyib.

"Bəylə gəlin həmin gün barışıb və indi birlikdə yaşayırlar", - komitədən bildiriblər.

Prezident Şavkat Mirziyoyevin qızı və ölkənin media səhnəsinin nüfuzlu oyunçusu Səidə Mirziyoyeva Facebook səhifəsində bəyin hərəkətlərini "iyrənc” adlandırıb.

"Biz belə hallara səssiz qalmamalı, onların güya nadir hadisələr olduğunu iddia etməməliyik. Buna görə üfüqlərimizi açan və qadınları müstəqil və güclü edən təhsilə ehtiyacımız var", - Mirziyoyeva bildirib.

Nurlan Hüseynov