"Sülh Şurası" adlanan qurum qlobal miqyasa malik olacaq, lakin faktiki olaraq bir nəfərin tam nəzarəti altında fəaliyyət göstərəcək.
Qaynarinfo "The New York Times”a istinadla yazır ki, son həftələr ərzində ölkələrin paytaxtlarına göndərilən nizamnamə layihəsinə əsasən, Donald Tramp şuranın ilk və əsas sədri təyin
edilib.
Nizamnamənin 3.2-ci maddəsində birbaşa qeyd olunur ki, məhz Tramp bütün qərarlara veto qoymaq, gündəliyi müəyyənləşdirmək, yeni üzvləri dəvət etmək, şuranı tamamilə buraxmaq və öz xələfini təyin etmək hüququna malik olacaq.
Bir sıra ölkələr artıq bu təşəbbüsü dəstəklədiklərini bəyan ediblər. Trampın Avropadakı ən yaxın müttəfiqlərindən biri olan Macarıstanın Baş naziri Viktor Orban Budapeştin iştirakını təsdiqləyərək "Facebook”da belə yazıb: "Əgər Tramp varsa, sülh var". Həmçinin Səudiyyə Ərəbistanı, Misir, İsrail, Belarus, Pakistan və bir neçə digər dövlət də şuraya qoşulduqlarını bildiriblər.
Eyni zamanda, bu təşəbbüs beynəlxalq ekspertlər tərəfindən kəskin tənqidlə qarşılanıb. Kembric Universitetinin beynəlxalq hüquq professoru Mark Veller bu layihəni Birləşmiş Millətlər Təşkilatına (BMT) birbaşa zərbə adlandırıb. Onun sözlərinə görə, "bu, dünya nizamını bir nəfərin və onun baxış bucağına uyğun olaraq yenidən formatlamaq cəhdi kimi görünür".
Tramp administrasiyası ötən həftə Sülh Şurasını təqdim edərkən bildirib ki, qurum təkcə Qəzza münaqişəsi ilə deyil, daha geniş böhranlarla da məşğul olacaq. Nizamnamədə qeyd olunur ki, şuranın məqsədi "münaqişədən zərər çəkmiş və ya münaqişə təhlükəsi altında olan regionlarda davamlı sülhü təmin etməkdir" ki, bu da faktiki olaraq BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması mandatını təkrarlayır.
Trampın sülh məsələləri üzrə elçisi Stiv Uitkoff bəyan edib ki, şura Ukrayna, Rusiya, İran, Sudan və Suriyadakı münaqişələrin nizamlanması üzrə "fikir mübadiləsi" platformasına çevrilməlidir.
Tramp özü də etiraf edib ki, bu təşəbbüs faktiki olaraq mövcud beynəlxalq mexanizmləri əvəz edir. O bildirib:
"İstərdim ki, Birləşmiş Millətlər Təşkilatı daha çox iş görə bilsin. İstərdim ki, bizim Sülh Şurasına ehtiyacımız olmasın".
Nizamnamə layihəsi həmçinin, şurada üç ildən artıq üzv qalmaq istəyən ölkələr üçün 1 milyard dollar məbləğində giriş haqqı nəzərdə tutur. Vaşinqtonda iddia edirlər ki, bu vəsaitlər "ən yüksək maliyyə nəzarəti" altında olacaq.
Xüsusi olaraq qeyd edilir ki, Donald Tramp prezidentlik müddəti bitdikdən sonra belə – faktiki olaraq ömürlük, "istefa verənə qədər" Sülh Şurasının sədri vəzifəsində qala bilər. Eyni zamanda, ABŞ-ın gələcək prezidenti ölkənin bu strukturda nümayəndəsini təyin etmək hüququna malik olacaq.
Alpər
Şərhlər