Hüseynbala Səlimov
Siyasət 09:27 17.04.2023

Ukrayna müharibə dərsliyi kimi...

Əslində öyrənmək pis şey deyil. Xüsusən də məsəl var, deyirlər, fərasətli dövlət və hökumət xadimləri, siyasət adamları, hətta cəmiyyətlər belə daha çox başqalarının təcrübəsindən öyrənməyə çalışır, bundan dərs götürməyə cəhd edirlər.

Bu mənada Ukrayna müharibəsi də istisna deyil. Amma məqsədlər fərqlidir, baxır, kim nəyə görə öyrənir Ukrayna müharibəsinin təcrübəsini. Məsələn, bunu Çin kimi edənlər var - bu təcrübəni Tayvanı işğal etmək üçün öyrənir ki, bir tərəfdən, Ukrayna müharibəsindən daha sürətıi müharibə nümayiş etdirmiş olsun, digər bir tərəfdən, görsün ki, buna dünya ölkələrinin münasibəti necə olacaq.

Amma şagirdlik iddiasında bulunan təkcə "Səmaaltı imperiya” deyil, hətta Avropa ölkələri bu müharibədən özləri üçün müəyyən nəticələr çıxarmağa cəhd edirlər. Köhnə Qitənin hərbi strateqləri eyni vaxtda bir neçə suala cavab axtarırlar. Birinci sual budur ki, belə lokal müharibələr üçün hansı silahlar daha effektlidir? İkincisi, hansı taktika daha önəmli və uğurludur? Üçüncüsü, bilmək istəyirlər ki, artıq qeyd etdiyimiz kimi, dünya birliyinin belə hərbi qarşıdurmalara iqtisadi, siyasi və diplomatik münasibəti necə olacaq?

Amma bizə elə gəlir ki, Ukrayna müharibə dərsliyi kimi Rusiya prezidenti Vladimir Putinçün daha aktual olmalıdır. Napoleon Bonaparta hamı "müharibə Allahı” deyirdi. Amma o, Vaterlodakı döyüşü uduzdu. Bəs səbəb nə idi?

Bununla bağlı bir neçə ehtimal var. Napoleon özü deyirdi ki, döyüşdən əvvəl pis yatıbmış. Daha bir ehtimalı məşhur yazıçı Stefan Sveyq irəli sürür. Yazıçının "Bəşəriyyətin ulduz saatı” silsilə yazılarında belə bir ehtimal irəli sürülür: Napoleon ona görə uduzdu ki, ehtiyatda olan bir marşal müdriklik göstərərək şəraitə uyğun qərar qəbul edə bilmədi və imperator ona hansı əmri vermişdisə, onu da yerinə yetirdi, özü hər hansı bir təşəbbüsdə bulunmadı...

Amma bizə elə gəlir ki, əsl səbəb tamamilə başqa idi. Bonapart müharibəni ona görə uduzdu ki, Rusiya da daxil olmaqla bütün Avropa ona qarşı çıxmışdı.
Ukrayna cəbhəsində də belədir. Birincisi, bəlkə də Putin yaxşı kəşfiyyatçı olub, amma o, Napoleon Bonapart deyil. İkincisi, hazırki vəziyyətdə də bütün Avropa, az qala, bütün dünya Ukraynanın tərəfində qalmaqda və Kiyevə dəstək göstərməkdədir.

Odur ki, ruslar da bu müharibəni uduzacaq – necə deyərlər, geci, tezi var bunun. Bəli, fevral ayında ruslar həlledici hücuma keçməli idilər. Amma ki, alınmadı bu. Moskvanın hərbi teatrda kiçik irəliləyişləri oldu və biz də bunu inkar etmirik. Amma bizə elə gəlir ki, bütün bunlar müvəqqəti xarakter daşıyır. Əsas odur ki, Qərb müharibə və silahlanma yarışının boyunduruğunu Moskvanın başına keçirə bilib. Təxminən on illər bundan əvvəl də belə olmuşdu. O vaxt Rusiya uduzdu. Güman ki, elə bu dəfə də belə olacaq...

Əsas odur ki, Rusiya bu qarşıdurmadan gərək özü nəticə çıxarsın. Kreml Ukraynada müharibəyə başladı. Amma nəticəsi nə oldu? Daha iki ölkə, özü də qabaqcıl ölkə NATO-ya üzv olmağa qərar verdi. Onları heç kim bu seçimi etməyə məcbur və vadar etməmişdi, özləri belə istədilər. 

Hazırda görün nə baş verir? Rusiyanın "oyuncağı” olan Ermənistanın politoloqları belə deyirlər ki, KTMT uğursuz dövlətlərin klubudur. Eyni sözləri Moskvanın digər geosiyasi və geoiqtisadi layihələri haqqında da demək olur. İndi Avrasiya İttifaqı heç yada düşmür. Sanki belə bir layihə heç yerli–dibli olmayıb.

Qərəz, o ölkələr irəliləyir və irəli gedir ki, öz səhvlərini təhlil edirlər. Bunu etməyənlərsə ya yerində sayır, ya da eyni bir aqibəti bir neçə dəfə yaşamalı olurlar...
 
Hüseynbala Səlimov