Dünya 12:57 14.11.2022

Xerson vilayətində geri çəkilən ruslar məktəb və xəstəxanaları minalayıb

Xerson bölgəsində geri çəkilən ruslar xəstəxanalarda, məktəblərdə və mənzillərdə partlayıcı maddələr qoyaraq "məkrli mina üsullarından” istifadə ediblər.

Qaynarinfo "RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu milli telemarafonda Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

Onun sözlərinə görə, ruslar təkcə yolları deyil, həm də sosial istiqamətdə istifadə olunan əraziləri minalayıblar.

"Xəstəxanalar, onların yerləşdiyi təhsil müəssisələri. Həmçinin bir çox şəxsi evlər, o cümlədən rayon mərkəzindəki mənzillər minalanmış ola bilər. Çoxlu kommunikasiyalar, mühüm infrastruktur obyektləri var", - Qumenyuk bildirib.

Onun sözlərinə görə, minaların təmizlənməsi kifayət qədər uzun vaxt apara bilər.

"Biz bütün yerli sakinlərə müraciət edirik ki, bu təhlükədən xəbərdar olsunlar, heç bir halda naməlum və ya şübhəli obyektlərə yaxınlaşmasınlar. Bu barədə dərhal mütəxəssislərə məlumat verilməlidir”, - o əlavə edib.

Nizami Bağırov