Dünya 13:03 25.04.2023

XİN Rusiyanın özünü “istənilən vasitə ilə” müdafiə etməyə hazır olduğunu bəyan etdi

Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov "Rusiya ona qarşı "qaçılmaz təcavüz” olarsa, bütün mümkün vasitələrlə milli təhlükəsizliyi təmin etmək hüququnu özündə saxlayır. 

Qaynarinfo bu barədə TASS-a istinadla xəbər verir.

Belə ki, o, prezident Vladimir Putinin fərmanı ilə təsdiq edilmiş Rusiyanın yeni xarici siyasəti Konsepsiyası ilə bağlı sualı cavablandırıb. Sənəddə deyilir ki, ölkə özünə və ya müttəfiqlərinə qarşı silahlı hücumu dəf etmək və qarşısını almaq üçün silahlı qüvvələrdən istifadə edə bilər. Diplomatdan konsepsiyanın bu müddəasına əsasən, hücumun qarşısını almaq üçün hansı növ silahlardan istifadə oluna biləcəyi soruşulub.

"Rusiya dövlətlərarası ziddiyyətləri və münaqişələri həll edərkən, əvvəllər olduğu kimi, ilk növbədə, onları sülh yolu ilə - diplomatiya və danışıqlar yolu ilə həll etməyə çalışacaq. Bununla belə, əgər qeyri-hərbi vasitələr tükənibsə və bizə qarşı təcavüz qaçılmazdırsa, o zaman biz bütün mümkün vasitələrlə milli təhlükəsizliyi təmin etmək hüququnu özümüzdə saxlayırıq”, - Yermakov bildirib.

Eyni zamanda o, əlavə edib ki, Rusiya "nüvə gücləri arasında münasibətləri sabitləşdirməyi zəruri hesab edir və gələcəkdə Qərblə yeni təhlükəsizlik müqavilələrindən imtina etmir”.

Xatırladaq ki, Rusiyanın Ukraynada "xüsusi əməliyyatı” başlayandan sonra Rusiya ilə Qərb arasında münasibətlər kəskin şəkildə pisləşib. Moskva ABŞ və müttəfiqlərini "Ukrayna rejiminə yardım etdiyinə” görə qınayır, Qərb isə Rusiyanı beynəlxalq hüququ pozmaqda və müstəqil dövlətin ərazisində hərbi əməliyyatlar aparmaqda ittiham edir.

Alpər