"ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı "yaxşı xəbərlər"in gözlənildiyini deyirsə, bu, Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərildiyini və onun hansısa ağır güzəştlərə getməyə məcbur edildiyini göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Donald Trampın Ukrayna sülh danışıqları ilə bağlı konkret detallar açıqlamadan "yaxşı xəbərlər" vəd etməsini şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, Tramp üçün Ukraynadakı müharibənin hansı şərtlərlə və kimin xeyrinə bitməsinin prinsipial əhəmiyyəti yoxdur:
"Tramp üçün bu müharibənin nəyin hesabına, kimin xeyrinə bitməsinin heç bir mənası yoxdur. Əsas odur ki, müharibə bitsin. Amma müharibə bitmir. Bunun səbəbi Rusiyanın tələblərinin heç bir əndazəyə sığmamasıdır. Moskva tələb edir ki, Ukrayna neytral ölkə olsun, NATO və Avropa İttifaqına üzvlükdən imtina etsin, ordusunun sayı minimuma endirilsin, hakimiyyət yalnız rusiyapərəst qüvvələrin əlində cəmləşsin və ölkənin təhlükəsizliyinin qarantı da Rusiya olsun. Kiyev bu tələbləri heç bir halda qəbul edə bilməz. Buna baxmayaraq, Putin israrını davam etdirir".
Zərdüşt Əlizadə qeyd edib ki, Tramp Ukraynaya dəstəyi azaltmaqla məsuliyyəti Avropanın üzərinə atmağa çalışır. Lakin Avropanın bu yükü öz üzərinə götürmək üçün nə kifayət qədər siyasi iradəsi, nə də real imkanları mövcuddur:
"Bu səbəbdən də Ukraynanın vəziyyəti olduqca ağırdır. Belə bir şəraitdə Tramp Ukrayna məsələsində "yaxşı xəbər" gözlənildiyini deyirsə, bu, Zelenskiyə təzyiq göstərildiyinin açıq əlamətidir. Görünür, onu böyük və ağrılı güzəştlərə məcbur etməyə çalışırlar".
Politoloqun fikrincə, Zelenskinin ikinci dəfə Ukrayna Prezidenti seçilməsi də ciddi sual altındadır:
"Müharibə gedən, əhalisinin təxminən 25 faizi ölkədən kənarda qaçqın vəziyyətində olan bir dövlətdə seçkilərin keçirilməsi tələb olunur. Belə şəraitdə Zelenski zəif tərəf kimi görünür. O, seçki qərarının müharibənin gedişindən asılı olacağını deyir, amma bununla nəyi nəzərdə tutduğu aydın deyil. Məncə, Zelenskinin ikinci dəfə prezident seçilməsi müşkül məsələdir. Əsas səbəb də odur ki, hazırda müharibə şəraitində seçkilərin keçirilməsi mümkün deyil".
Qeyd edək ki, Ağ Evdə keçirilən mərasimdə ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı konkret detallar açıqlamasa da, sülh danışıqlarında müsbət irəliləyişə işarə edib: "Bizim çox işimiz var... Düşünürəm ki, Ukrayna və Rusiya ilə bağlı çox yaxşı işlər görürük. Bunu ilk dəfə deyirəm. Hesab edirəm ki, yaxşı xəbərlərimiz ola bilər”.
Rüfət Sultan
Şərhlər