Xəbər lenti

İdman 12:08 18.04.2024

Yığmamızın üzvü: “Bəlkə də gələcəkdə bu oyun…”

Bir müddət öncə futzal millimiz Gürcüstana təlim-məşq toplanışına yollandı. Toplanış ərəfəsində iki yoldaşlıq matçı keçirən komandamız hər iki oyunda məğlubiyyətə uğradı (1:2, 2:3).

Yığmamızın üzvü Kənan Manafov Qaynarinfo-ya açıqlamasında həm toplanışı, həm də yoldaşlıq matçlarını dəyərləndirib. Oyunlarda qol müəllifi olan Manafov məğlubiyyətlərin səbəbini izah edib: 

"Komanda yeni formalaşıb. Əsasını gənc futzalçılar təşkil edir. Əsas olan o idi ki, hamı oynasın. Baş məşqçi hər kəsi yoxladı. Pis oynamadıq, ilk dəfə idi birlikdə meydana çıxırdıq. Düşünürəm ki, qənaətbəxş idi”.

Kənan gürcülərə məğlubiyyəti təcrübəsizliklə əlaqələndirib:

"İlk məqam təcrübədir. Gürcüstan millisinin üzvləri çoxdandır birlikdə oynayır. Düşünürəm ki, qarşıdakı təlim-məşq toplanışlarında daha yaxşı nəticələr olacaq. Fiziki cəhətdən deməzdim ki, Gürcüstan bizdən çox üstün idi. Bilirsiniz ki, futzalçılarımız müxtəlif klublarda oynayır. Onların məşq vaxtları da fərqlidir, kimi bir saat, kimi saat yarım, kimi də iki saat məşq edir. Hər kəsdə fiziki durum eyni deyil. Buna baş məşqçi heç nə edə bilməz. Müəyyən çətinliklər ola bilir. Toplanış zamanı daha çox müdafiəni gücləndirmək, standartlardan qol buraxmamaq üzərində çalışırdıq. Təəssüflər olsun ki, hər iki matçda standart vəziyyətdən qol buraxdıq. Vaxt az olduğundan beşoyunçulu sistem üzərində işləməmişdik. Bəlkə də gələcəkdə bu oyun üslubuna keçəcəyik. İndiki halda belə deyil”.

Milli futzalçı qarşıdakı hədəflər haqqında sualı belə cavablandırıb:

"Ayın 21-də ölkə çempionatında növbəti tura start veriləcək. Ayın 25-i kubokun yarımfinal mərhələsində "Neftçi” ilə oynayacağıq. Hazırda bütün fikrimiz bu iki oyuna yönəlib. Qismət olsa, ayın 7-də kubokun finalında oynayacağıq. Daha sonra iyulda tələbələr arasında Avropa Çempionatı keçirilməlidir. Əsas millinin əksər üzvləri tələbələrin çempionatında oynayır. Düzdür, Vitali Borisovun komandası olmayacaq, amma yığmanın əksər üzvləri həmin çempionatda çıxış edəcək”.

Manafov özü də milliyə uyğunlaşdığını bildirib:

"Yığmanın əsasını hazırda yerlilər təşkil edir. Hamımız eyni komandada oynamışıq, bir-birimizi tanıyırıq. Ona görə də uyğunlaşma çətin olmadı”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->