İdman 18:47 30.01.2023

"Yuventus"u məğlub edən "Monza"nın sahibi: "Fahişələrlə dolu avtobus gətirəcəyəm"

İtaiya A Seriyasının 20-ci turu çərçivəsində baş tutan görüşlərdə gözlənilməz nəticələrdən biri də "Yuventus" - "Monza" matçında qeydə alındı.

Qaynarinfo xəbər verir ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sahibi olduğu "Monza" səfərdə A Seriyası nəhənglərindən olan "Yuventus"u 0:2 hesabı ilə məğlub etdi. 

"Monza"da hazırda əhval-ruhiyyə yüksək olsa da, bu, təkcə qələbə səbəbindən deyil. Məsələ burasındadır ki, 86 yaşlı Berluskoni keçən ilin sonunda komandasına maraqlı söz verib. Funksioner həmin vaxt açıqlamasında "Uşaqlara dedim ki, "Milan", "Yuventus" kimi komandalarla oynayacaqsınız. Onlardan birinə qalib gəlsəniz, paltardəyişmə otağına fahişələrlə dolu avtobus gətirəcəyəm", ifadələrini işlətmişdi. 

"Yuventus"la oyundan sonra isə funksioner "La Repubblica"ya verdiyi sözlə bağlı açıqlamasında "Artıq mənə 100 zəng gəlib və sözümün üstündə durmağımı istəyirlər", deyib. Oyundan sonra komandanın sosial media profilində zarafatla avtobus şəkli də paylaşılıb. 

Berluskoni bir neçə il əvvəl klubu təhvil aldıqdan sonra "Monza" ötən mövsümün sonunda dördüncü olsa da, pley-offda qələbə qazanaraq ilk dəfə A Seriyasına yüksəlib. Mövsümün ilk 5 matçında məğlub olmasına və uğursuz başlanğıca rəğmən komanda turnir cədvəlindəki durumunu düzəldib və hazırda A Seriyasında 25 xalla 11-ci pillədə qərarlaşıb. 

Bir müddət öncə klubdakı maliyyə fırıldaqlarına görə "Yuventus"un 15 xalı silinib. Komanda indi mövsümü ilk dördlükdə bitirmək və Çempionlar Liqasına vəsiqə qazanmaq üçün döyüşə yenidən qoşulmalıdır. Xallarının silinməsi ilə yanaşı Turin təmsilçisi komandanın sabiq üzvü portuqaliyalı ulduz Kriştiano Ronaldoya da böyük məbləğdə pul ödəyə bilər.
 
Səbuhi Həsənov