Dünya 17:10 18.01.2023

Zelenski öldürülərsə, savaşın taleyi dəyişərmi?

"Zelenskiyə nəsə olsa, o öldürülsə belə, müharibənin gedişində heç nə dəyişməyəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukraynada prezidenti Volodimir Zelenskinin təhlükəsizliyinin təmini, onun fiziki olaraq aradan götürülməsinin müharibənin gedişinə hansı təsirinin ola biləcəyi məsələsi barədə danışarkən deyib. 

"Çünki Ukrayna xalqı və ordusunun əzmi, qərarı dəyişməzdir. Onlar Ukraynanın bütün ərazilərini azad etməyincə müharibəni dayandırmayacaqlar”, deyə politoloq bildirib.
 
Zelenskinin təhlükəsizliyinin təminatına gəlincə, həmsöhbətimiz bildirir ki, heç kim heç nədən sığortalanmayıb:


 
"Bütün dünyada dövlət başçıları qorunur. Ən böyük dünya dövlətinin başçısı Ronald Reyqana qarşı sui-qəsd oldu və o yaralandı. Prezident Kennedini isə öldürdülər. Dünyada ən güclü şəkildə qorunan İsrailin baş nazirini belə öldürmüşdülər. Fidel Kastroya ABŞ tərəfindən 60-dan çox qəsd hazırlanmışdı. Lakin bu qəsdlərin hamısının qarşısı Kuba kəşfiyyatı tərəfindən alındı. Leonid Brejnevə də uğursuz sui-qəsd etmişdilər. Belə hallar hər zaman olur. Burada hər hansı bir müstəsna hal yoxdur. Azərbaycanda da 1991-ci ilin noyabrın 20-də vertolyot qəzasında yüksək vəzifəli dövlət xadimləri həlak oldular. Heç kəs heç nədən sığortalanmayıb”. 

Qeyd edək ki, Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzası nəticəsində 3-ü uşaq olmaqla 19 nəfər həlak olub. Qəza qurbanları arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var. 

Rüfət Sultan