Xəbər lenti

Siz Varqası gətirdiniz, biz Höccəti istədik?!
Amal Abuşov
İdman 10:03 08.09.2023

Siz Varqası gətirdiniz, biz Höccəti istədik?!

"Neftçi”nin heyətində Höccət Haqverdi adında bir müdafiəçi var. AFFA ilə işbirliyində olan müəyyən adamların əliylə İrandan ölkəmizə gətirilib, qısa müddət ərzində ona Azərbaycan vətəndaşlığı veriblər. Riad Rəfiyevin rəhbərlik etdiyi "Sumqayıt”da çıxış edən iranlı qısa müddət ərzində Azərbaycan milli komandasının üzvünə çevrildi.

Biz bu senari, yəni eyni adamların əli ilə Azərbaycana gətirilən çox futbolçu görmüşük. Onların da mütləq əksəriyyəti əvvəlcə "Sumqayıt”ın heyətinə çağrılıb, "milli futbolçu” statusu qazandırıldıqdan sonra isə baha qiymətə ölkənin daha zəngin klublarına transfer edilib. Sözsüz ki, bu işdən AFFA-nın daxilində fəaliyyət göstərən futbol işbazları, o cümlədən də Riad Rəfiyev kimi menecerlər yaxşı qazanc əldə ediblər. Bu gün krallar kimi həyat sürən, bahalı mənzillərdə və bağ evlərində yaşayıb, lüks avtomobillərdə gəzən həmin qrup insanlar məhz bu cür varlanıblar. Azərbaycan futbolunun inkişafına ayrılan milyonlar ciblərə axıdılıb, neçə-neçə yararsız əcnəbi milli komandalara doldurulub. Əvəzində istedadlı azərbaycanlı balaları bölgələrdə futbol oynamağa stadion, geyinməyə forma, arxasınca qaçmağa top tapmayıblar. Bunları tapanların da qarşısına başqa əngəllər, maddi problemlər çıxıb. Nəticədə onlar futboldan uzaqlaşıb, istedadlar itib-batıb.

Elə buna görə də Azərbaycan futbolu məhz elə Höccət kimi əcnəbilərə möhtac qalıb. Azərbaycan milli komandası heyətində 6-7 "milliləşdirilmiş” futbolçu ilə meydana çıxıb. Dərd orasıdır ki, bu cür futbolçuların forma geyindirildiyi "millimiz” də böyük hesabla uduzmaqdan canını qurtara bilməyib. Məlum şəbəkənin üzvləri bizə təkcə əcnəbi futbolçu sırımaqla kifayətlənməyiblər. Bu illər ərzində Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç və ən nəhayət Canni De Byazi kimi bizdən başqa heç kimə lazım olmayan əcnəbi mütəxəsissləri də başa keçirmişik. Onların bizdən başqa heç kimə lazım olmamasına şübhə edənlər internetdə araşdırma aparıb, sözlərimin həqiqiliyinə əmin ola bilərlər.

Hə, qayıdaq Höccət Haqverdiyə. Bir müddər əvvəl futbolçu Azərbaycanı tərk etmişdi. Cənubi Azərbaycanın fəxri sayılan "Traktor”da özünə yer tapa bilməyən Höccəti daha yaxşı maliyyə şərtləri ilə "Neftçi”yə gətirdilər. Mənə hələ o vaxt etibarlı mənbələrdən məlumat daxil olmuşdu ki, Höccətin "Neftçi”yə gətirilməsində De Byazinin yaxını sayılan italyan menecerlər də rol oynayıb, yüksək faizlərini alıblar. Höccətin azərbaycanlı menecerlərdən üz çevirib, italyanlarla işbirliyinə girməsində də De Byazi amili rol oynayıb, italyan mütəxəssis ona millidə daimi oynamaq sözü verib. Bəs necə, Höccətin tərcümeyi-halındakı "milli futbolçu” sözünün sehri (gəliri) böyükdür axı, onu bu statusdan məhrum etmək olmazdı. Nəticəsini hamımız görürük.

Haqverdi ötən mövsüm "Neftçi”nin heyətində ən uğursuzlardan idi. Bu mövsüm isə ümumiyyətlə, heyət üzünə həsrət qalıb. Mövsüm ərzində Adrian Mutu ona 10-15 dəqiqə oynamaq şansı yaradıb. Buna baxmayaraq, De Byazi ona yenidən dəvət göndərib. Niyə? Hansı keyfiyyətlərinə görə? Bəli, bütün oxlar həmin o menecerləri göstərir. Həmkarlarımız araşdırıblar. Məlum olub ki, De Byazi ilə Höccətin menecerləri eyni firmada çalışırlar. Yəni, bu iki şəxs eyni menecer şirkətinin müştərisidir. Əl-ələ verib, Azərbaycanda pul qazanırlar. 

Sonra da bizə nağıl danışırlar ki, "milliləşdirmə” dünyanın hər yerində var, bütün ölkələrdə idmançılara vətəndaşlıq verib, milliyə cəlb edirlər. Orası elədir, amma baxır kimi milliləşdirirsən. Kubalı voleybolçu Melissa Varqas bütün Türkiyənin sevimlisinə çevrildi, qardaş ölkənin voleybol üzrə millisi onun böyük zəhməti sayəsində Avropa çempionu və Millətlər Liqasının qalibi oldu. Bizimkilər Varqas səviyyəsində idmançını "milliləşdirdilər”, biz istəmədik? Yoxsa elə tapdıqları Höccət kimilərdir?!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->