“Sabah”ın qazaxıstanlı qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer almağı bacarıb. Bəli, “Mançester Yunayted”lə qarşılaşmada qapısında dörd qolan görən qapıçımız 1-ci turun ən yaxşılarındandır. Belə ki, Stas ingilislərlə oyunda beş dəfə seyv edib. Deməli, onun bu seyvləri olmasaydı, “Sabah” daha böyük hesabla məğlub ola bilərdi. Bu yerdə onu da qeyd edim ki, Pokatilovdan daha çox seyv edən dörd qapıçı var. Həmin qapıçılar da “Portu”da, “Slovan”da, “Real”da və “İnter”də çıxış edənlərdir.
Deməyin ki, mən də “Evləri köndələn yar”dakı Şakir Şəkəroviç kimi sizi “dütdülü” ilə təbrik edib, Pokatilovun qurtarışları ilə təskinlik tapmağa çağırıram. Sözümün canı əsla o deyil. Biz ümumilikdə nəticədən də, Stasın da konkret epizodlardakı çıxışından narazıyıq. Xüsusən də “Mançester Yunayted”in dördüncü qolu vurduğu zamanı Pokativlovun inamsız davranışları, “topu itirməsi” heç ürəyimizcə olmadı. Bütün bunlar futbolun içində olan diqqətçəkən detallardır. Amma sonradan statistikaya baxanda görürük ki, bir epizodda inamsız oynayan qapıçımız əslində beş epizodda “Sabah”ı qoldan xilas edib, hesabın daha böyük olmasının qarşısını alıb. Lakin onun bu xidməti ümumi mənzərənin arasında, daha doğrusu, hesabın böyüklüyünün altında itib gedir, gözə görünmür.
“Sabah” ötən mövsümün sonlarında addım-addım çempionluğa gedəndə bu yolun sonunun Çempionlar Liqasının Liqa mərhələsində tamamlanacağına inana bilməzdik. Fikirləşirdik ki, Valdas Dambrauskas və onun komandası çempion olsa belə avrokuboklarda təcrübəsizlik özünü göstərəcək, “Sabah” təsnifat mərhələsindən üzüqara qayıdacaq. Bu düşüncələrin də günahı bizdə deyildi. İllərdi ki, bu səhnəni görə-görə gəldiyimizdən klublarımıza qarşı inamsızlıq yaranmışdı. Lakin litvalı çalışdırıcı bu düşüncəni dəyişdirməyi, Azərbaycan futbolu adına böyük və inqilabi bir uğura imza atmağı bacardı. İştahımız diş altında olduğundan indi “Sabah”dan daha artığını istəyirik. Arzulayırıq ki, “Sabah” “Mançester Yunayted”lə, “Barselona”yla, “Arsenal”la başabaş mübarizə aparsın, onları büdrədə bilsin. Bu da azarkeşin təbii haqqıdır, hamı komandasının uğurlu olmasını istəyir.
Futbolun da öz sərt qanunları, dəyişməz reallıqları var. Burda heç də həmişə sürprizə yer olmur. Söhbət qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsindən, Avropanın güclü və zəngin klublarının yarışından gedirsə, böyük sürprizlər gözləməyə heç dəyməz. Olsa-olsa bir-iki sürprizlə qarşılaşa bilərsən. Turnirin startında hamı işinə ciddi yanaşıb, uğurlu başlanğıc arzuladığından bu cür gözlənilməzliklərlə qarşılaşmaq lap çətin olur. Deməli, “Sabah”ın “Mançester Yunayted”ə məğlub olması, qapımıza 4 cavabsız top vurulması da hardasa qanunauyğunluqdur. “Qarabağ” da Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyununda “Çelsi”yə böyük hesabla uduzdu, amma sonrakı iki oyunda Madrid “Atletiko”sunu büdrətdi. İkinci dəfə nəhənglər arasında oynamaq fürsəti qazananda isə bütün Avropanı təəccübləndirib, pley-offa yüksəldi. “Sabah”dan da bu cür uğur gözləməyə dəyər. Komanda oynadıqca təcrübə qazanacaq, öyrənəcək. Elə biz də bu cür möhtəşəm turnirdə yer almağımızdan həzz alıb, səbr etməyi öyrənəcəyik.
Amal Abuşov
Şərhlər