Xəbər lenti

10 uşaq anasından Azərbaycan qadınlarına çağırış
Ölkə 14:57 10.01.2026

10 uşaq anasından Azərbaycan qadınlarına çağırış

Lənkəranda 10 uşaq dünyaya gətirən 45 yaşlı Samirə Mehrəliyeva Azərbaycan qadınlarına müraciət edib.

O, Qaynarinfo-ya açıqlamasında hər bir Azərbaycan qadınının çoxuşaqlı olmağa can atmasını tövsiyə edib:

"On uşaq dünyaya gətirmişəm. İstəyirəm ki, hər bir qadın öz borcunu yerinə yetirsin və Azərbaycan xalqının sayı artsın. Övlad sahibi olmaqdan kimsə qorxmasın".

Çoxuşaqlı ana bildirib ki, səhhəti və mənzil şəraiti imkan versəydi, yenə də övlad dünyaya gətirmək istərdi:

"İki otaqlı evdə 10 uşaq böyütmək hər qadının işi deyil. Onuncu övladımı öz istəyimlə dünyaya gətirdim. Artıq 5 qızımı gəlin köçürmüşəm, digər 5 övladım isə evdədir. 8 nəvəm var. Mənzilimiz çox darısqaldır, cəmi iki otaqdan ibarətdir. Bir otaqda uşaqlar qalır, digərində biz. Belə şəraitdə dolanmaq çox çətindir".
 
Ailənin maddi vəziyyətinə toxunan Samirə Mehrəliyeva dövlət dəstəyi ilə dolandıqlarını vurğulayıb:

"Bizə dövlət tərəfindən ünvanlı dövlət sosial yardım və çoxuşaqlı ailə müavinəti verilir. İkisi birlikdə təxminən 1100 manat edir. Ailədə heç kim işləmir, ancaq bu vəsaitlə dolanırıq. Lakin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı indiyə qədər heç bir qurumdan təklif və ya dəstək almamışıq".

Qeyd edək ki, Lənkəran rayonunun Sinovli kənd sakini olan 45 yaşlı Samirə Mehrəliyevanın 10 övladından 7-si qız, 3-ü oğlandır. Bu günlərdə ailənin 10-cu uşağı dünyaya gəlib. Lənkəran Regional Perinatal Mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır. Samirə Mehrəliyevanın 8 nəvəsi var.

Bahar Rüstəmli

--> -->