Xəbər lenti

500 min ev sənədsiz ev: Mülkiyyət hüququ pozulur, dövlət əziyyət çəkir
Ekonomiks 15:37 29.01.2026

500 min ev sənədsiz ev: Mülkiyyət hüququ pozulur, dövlət əziyyət çəkir

"Təkcə Bakıda 500 min çıxarışsız evin olması, onu deməyə əsas verir ki, 500 minə yaxın insanın mülkiyyət hüquqları pozulub".

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev sənədsiz evlərin aqibətindən danışarkən deyib. Onun sözlərinə görə, həmin insanlar zamanında rəsmi sənədlər üzərində torpaq alıb, evlər tikib:

"Amma onlara sənəd verən qurumların imzası, möhürü, hər hansı çatışmazlığı səbəbindən vətəndaş öz evinə çıxarış ala bilmir. Burada daha çox əziyyət çəkən tərəf dövlətdir".

Elnur Fərzəliyev əlavə edib ki, əgər bu evlərin çıxarışı olsa, birmənalı olaraq əmlak və torpaq vergisinə cəlb olunarlardı:

"Buradan da böyük büdcə formalaşar. Həmin evlər sığortalana bilmir, hansısa subasmalar zamanı dəymiş zərər vətəndaşın öz vəsaiti hesabına qarşılanır".
 


Elnur Fərzəliyev hər il əmlakların çıxarışlarının təmin olunması ilə bağlı xəbərlər verildiyini bildirib:

"Rəsmi qurumlar məlumatlar yayır. Amma ciddi bir dəyişiklik yoxdur. Təkcə Bakı-Abşeron ərazisində 500 min civarında çıxarış ala bilməyən fərdi yaşayış evi və torpaq sahəsi var. Hansı ki, onlar hər biri zamanında hər hansı bir qurum tərəfindən vətəndaşlara verilmiş torpaqlardır. Kolxoz və sovxozlar, bağlar idarəsi, rayon icra hakimiyyətləri, bələdiyyələr tərəfindən qərar və sərəncamlar əsasında ayrılıb. Vətəndaş həmin torpağı pul verib alıb, ev inşa edib, amma bu gün sənəd ala bilmir".
 

Ekspertin sözlərinə görə, bir zamanlar verilən sənədlər üzərində olan torpaqların bir hissəsi çıxarışla təmin olunub:

"Amma bir hissəsi isə çıxarışla təmin oluna bilmədi. İstər bələdiyyə, istər kolxoz və sovxozlar vətəndaşlara torpaq sahələri ayırdı. Amma torpaqların təyinatı dəyişmədi deyə, bu günə kimi həmin torpaqların təyinatı yaşayış sahəsi deyil, kənd təsərrüfatı və digər təyinatlı torpaqlar olması səbəbindən onlar çıxarışla təmin olunmur. Çünki çıxarış ala bilməsi üçün torpağın təyinatı ilə tikintinin təyinatı eyniləşməlidir!".

Elnur Fərzəliyev "neft ərazisi"nə aid torpaqlarda tikilən evlərin taleyindən də danışıb:

"Başqa bir tərəfdən isə xüsusən də Abşeronda "neft ərazisi" adlanan torpaqlar var ki, həmin ərazilərdə başdan-başa fərdi yaşayış evləri tikilib və onlar da çıxarışla təmin oluna bilmir. Çünki ora neft ərazisidir. Neft çıxması ehtimalı var deyə onlara çıxarışlar verilmir".
 
Bundan əvvəl Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Həyətinin sədri Nigar Alimova bildirib ki, Azərbaycanda təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikililər var:

"Bu tikililərin statistikasını tam verə bilməməyimiz üçün sözsüz ki, genişmiqyaslı inventarlaşdırma işləri həyata keçirməliyik. Amma qeyri-yaşayış tikililəri üzrə müraciətlərdən təxmin eləsək, yəqin ki, bu qeyd etdiyim rəqəmdən ən azı 10 dəfə çox fərdi yaşayış tipli tikililərin mövcud olduğunu təxmin etmək olar".

O bildirib ki, Azərbaycan Prezidentinin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Fərmanının icrası çərçivəsində ölkədə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib: "413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin edilib. Eyni zamanda, Prezidentin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın icrası çərçivəsində 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib. 4 602 qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin edilib".

Bahar Rüstəmli
--> -->