ABŞ-ın geniş ərazisində təhlükəli isti hava şəraiti elan olunub. Ölkənin mərkəzi ştatlarını artıq əhatə edən və "istilik qübbəsi" adlandırılan isti hava axını yaxın günlərdə Şərq sahillərinə doğru genişlənəcək.
Qaynarinfo xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, bəzi bölgələrdə, o cümlədən Çikaqo və Nyu-Yorkda temperaturun +40 °C və daha yüksək həddə çatacağı gözlənilir.
Çikaqo və Nyu-Yorkda artıq vətəndaşların sərinləməsi üçün xüsusi "soyutma mərkəzləri" fəaliyyətə başlayıb. Bələdiyyə xidmətləri evsiz insanları ziyarət edərək onları təhlükəli istidən qorunmaq üçün bu mərkəzlərə yönləndirir.
Çikaqo meri bildirib: "Çikaqo ekstremal hava şəraitinin, xüsusilə də isti havanın nə qədər təhlükəli ola biləcəyini yaxşı bilir”.
O, 1995-ci ildə baş verən və 700-dən çox insanın həyatına son qoyan fəlakətli istilərin 30-cu ildönümünün yaxınlaşdığını xatırladıb.
Alimlərin sözlərinə görə, belə ekstremal istilər insan sağlamlığı üçün ciddi risklər yaradır. İstiləşmədən qaynaqlanan yorğunluq, başgicəllənmə və güclü susuzluq bədənin tükənməsinin ilkin əlamətləridir. Bədən temperaturunun +40,6 °C-dən yuxarı qalxması isə həyati təhlükə yaradan istilik vurması ilə nəticələnə bilər. Bu vəziyyət özünü şüur bulanıqlığı, ürəkbulanma və qıcolmalarla göstərir.
İstilər "istilik qübbəsi” adlanan atmosferdə yüksək təzyiqli hava kütləsinin təsiri ilə daha da şiddətlənir. Bu təbəqə havanı sanki "örtərək” sərin hava axınlarının qarşısını alır və temperaturu gecə saatlarında belə yüksək saxlayır. Alimlər bildirirlər ki, belə hava hadisələri iqlim dəyişiklikləri ilə əlaqədar olaraq son illərdə daha da tez-tez baş verir.
Aydın
Şərhlər