Dünya 11:08 24.06.2022

ABŞ-ın Ukraynaya yardımı davam edir

Amerika Birləşmiş Ştatları Ukraynaya daha çox uzaqmənzilli raket sistemləri verəcək və təhlükəsizlik üçün əlavə 450 milyon dollar yardım edəcək.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat veriblər.
 
Pentaqon verdiyi açıqlamada yardım paketinin 450 milyon dollara qədər olacağını və ona dörd əlavə Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS), 18 sahil və çay patrul gəmisi və minlərlə patronun daxil olacağını bildirib.

Müharibənin başlanğıcından bu günə qədər prezident Co Bayden administrasiyası Ukraynaya təhlükəsizlik üçün 6,1 milyard dollar yardım edib.

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton hansı silah növlərinin onların ehtiyaclarını ən yaxşı şəkildə ödəyə biləcəyini müəyyən etmək üçün Kiyevlə yaxından işləyir.

Cümə axşamı günü Ukrayna bildirib ki, güclü uzaqmənzilli silah sistemi olan HIMARS-ın ilk tranşını alıb.

Nurlan Hüseynov