"OpenAI" şirkətinin riyaziyyatın ən mühüm açıq problemlərindən biri olan Navye-Stoks tənliklərinin həllini tapdığını açıqlaması bütün riyaziyyatçılar tərəfindən müsbət qarşılanmayıb.
Qaynarinfo-nun "Futurism" saytına istinadən məlumatına görə, riyaziyyat dünyasında artıq bir aydır ki, bu məsələ ətrafında müzakirələr gedir.
Riyazi problem üzərində təxminən 10 min güclü süni intellekt agenti çalışıb və problemin həlli 88 saat çəkib. Lakin riyaziyyatçılar şirkəti onların işindən faktiki olaraq istifadə etməkdə ittiham ediblər.
Oksford Universitetinin riyaziyyatçısı Ceyms Meynard NPR-ə bildirib ki, süni intellektin köməyi ilə əldə edilən yeni sübutdan hər hansı anlayış əldə etmək hələlik çox çətindir.
Braun Universitetinin riyaziyyatçısı və tədqiqatlarında süni intellektdən istifadə edən Xavyer Qomes-Serrano isə "Bu məqalə insanlar üçün yazılmayıb" deyib. Onun sözlərinə görə, sübut ciddi şəkildə yenidən işlənəndən sonra bu sahəyə fayda verə bilər.
Navye-Stoks tənlikləri mayelərin hərəkətini və davranışını — küləyin güclü əsintilərindən tutmuş okeandakı turbulent axınlara qədər — riyazi şəkildə təsvir edir. Bu tənliklərdən təxminən iki əsrdir istifadə olunur və etibarlı nəticələr verir. Lakin onların nə üçün işlədiyi hələ də tam məlum deyil.
Alimlər tənlikləri mümkün olan ən ekstremal şərtlərdə sınaqdan keçirməyə çalışırlar. Məqsəd proqnozların real dünyada mənasını itirəcək kritik həddə çatıb-çatmayacağını müəyyənləşdirməkdir.
Problemin əhəmiyyətini onun 2000-ci ildə Kley Riyaziyyat İnstitutu tərəfindən minilliyin altı probleminin siyahısına daxil edilməsi də göstərir. Problemin həlli üçün 1 milyon dollar mükafat nəzərdə tutulub.
"OpenAI" şirkəti bildirib ki, onun süni intellekt agentlərindən ibarət "sürü" mayelərin sonsuz sürətə qədər sürətləndiyi, nəticədə "partlayış" və ya sinqulyarlığın yarandığı ssenarini müəyyənləşdirib. Belə hadisə fiziki kainatda mümkün deyil.
OpenAI-yə qarşı ilk ittihamı Nyu-York Universitetinin riyaziyyatçısı Tristan Bakmaster irəli sürüb. O, illərdir Navye-Stoks problemi üzərində çalışdığını və şirkətin onun işindən xəbərdarlıq etmədən və icazəsi olmadan istifadə etdiyini bildirib.
Bakmasterin sözlərinə görə, "OpenAI" agentləri onun izlədiyi, lakin başqa heç kimin inkişaf etdirmədiyi oxşar yanaşmadan istifadə ediblər. Alim tədqiqatları zamanı "OpenAI"nin "Codex" alətindən yararlanıb və şirkətin onun qeydlərinə gizli şəkildə giriş əldə etmiş ola biləcəyinə işarə edib.
Bakmaster bu məsələ ilə bağlı "OpenAI"yə müraciət etdikdə şirkət ona bildirib ki, həmmüəllifi, "Anthropic"də çalışmış Levent Alpgen ilə əməkdaşlıqdan imtina edəcəyi təqdirdə onun adını məqalədə qeyd edə bilər.
"OpenAI" həmçinin etiraf edib ki, məhsullarından istifadə nəticəsində əldə edilən anonimləşdirilmiş məlumatların modellərin təkmilləşdirilməsinə kömək etmiş ola biləcəyini istisna edə bilmir.
Aydın
Şərhlər