Rusiya ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını böyük entuziazmlə qarşıladı və bunun üçün kifayət qədər əsasları var.
Qaynarinfo xəbər verir ki, bu sözləri "Bloomberg”in köşə yazarı Mark Çempion qeyd edib.
"Axı strategiya transatlantik alyansın dağılmasına çağırır - bu, 1945-ci ildən bəri Kreml rəhbərlərlərinin demək olar hamısının (Mixail Qorbaçov və Boris Yeltsin istisna olmaqla) arzusudur", deyə o yazır.
Ekspert vurğulayır ki, əsas səbəb açıq-aşkardır: amerikalı strateqlər əvvəlkilərdən fərqli olaraq hesab edirlər ki, ABŞ-ın maraqları indi Avropa İttifaqının deyil, Moskvanın maraqları ilə üst-üstə düşür.
"Onların fikrincə, ABŞ üçün daha sərfəlisi - manipulyasiya edilə bilən, iqtisadi mənfəət üçün istismar oluna bilən kiçik və orta ölkələrdən ibarət atomlaşmış Avropadır. 30 trilyon dollardan artıq ÜDM-i olan və müqavimət göstərə bilən vahid nəhəng blok yox", deyə Çempion yazır.
Onun sözlərinə görə, Donald Tramp və Vladimir Putini Avropada birləşdirən ikinci ortaq maraq - liberal liderlərin zəiflədilməsi və kənarlaşdırılmasıdır. Çünki bu liderlər hər iki siyasətçinin hakimiyyətdə qalmaq üçün söykəndiyi daxili siyasi ritorikaya təhlükə yaradır: "Daha açıq desək - mədəniyyət savaşları mövzusunda Tramp və Putin müttəfiqdir, liberal Avropa isə onların düşməni".
Çempion xatırladır ki, Putin 2013-cü ildə Ukraynanın Aİ ilə Assosiasiya sazişi imzalamaq istəyinə görə bu qədər kəskin reaksiya verib. Çünki Moskva yaxın qonşunun Polşa nümunəsinə bənzər inkişaf və azadlığa qovuşmasına icazə verə bilməzdi.
"Ruslar öz avtoritar sistemlərinin "zəruriliyi" barədə nə düşünərdi? İki il əvvəl Putin Rusiyada pro-demokratik etirazları zorla yatırtmışdı və Ukraynanın bu modeli diriltməsinə qətiyyən imkan verə bilməzdi", deyə o qeyd edir.
Tramp üçün də liberal Avropanın uğursuzluğu həyati əhəmiyyət daşıyır: yalnız o halda ABŞ seçicilərinin gələcək çoxluğuna öz yanaşmasının yeganə çıxış yolu olduğunu sübut edə bilər.
"Buna görə Trampın yeni təhlükəsizlik strategiyasında ABŞ-ın Avropanın siyasi proseslərinə müdaxilə etmək hüququnu özünə tanıması tamamilə qeyri-adi olsa da, məhz onun siyasi məqsədlərinə uyğundur", deyə müəllif yazır.
Çempion əlavə edir ki, əgər bütün institutlar liderin iradəsinə tabe etdirilirsə, sonda demokratiyanı bərpa etmək mümkün deyil. Akademik azadlıq boğulduğu halda söz azadlığını "gücləndirmək” də mümkün deyil. Beynəlxalq institutları dağıdıb "böyük dövlətlərin təsir zonaları” dövrünə qayıdaraq sülh əldə etmək də imkansızdır.
"Bu səbəbdən bu mifləri saxlamaq üçün daimi manipulyasiya lazım olur… Britaniyadan Almaniyaya qədər "mini-Tramplar” - sağ populist liderlər - Avropada hakimiyyətə gəlmək üçün saatını gözləyir", deyə o xəbərdarlıq edir.
Bununla yanaşı, Avropanın ABŞ silahlarına və texnologiyalarına həddindən artıq asılılığını öz iradəsi ilə azaltmağa hazır olduğuna dair heç bir əlamət yoxdur. Bu addım labüd olacaq ticarət müharibəsi və böyük iqtisadi risklərlə müşayiət oluna bilər.
Qeyd edək ki, yeni strategiyada ABŞ, Ukraynada müharibənin başa çatdırılması ölkənin xarici siyasətinin prioritet olduğunu bəyan edir. Prezidentin baş siyasi müşaviri Stiven Miller vurğulayıb ki, Tramp bu məsələni birinci yerə qoymaqda davam edir.
Eyni zamanda "The Times”ın köşə yazarı Metyu Sayed qələmə alıb ki, Tramp ABŞ-ın xarici siyasətini "şəxsi reketə” çevirib. Onun sözlərinə görə, Tramp dövründə ABŞ-ın xarici siyasəti artıq nə məntiq, nə də milli maraqlar əsasında qurulur.
Alpər
Şərhlər