Xəbər lenti

Ürək xərçəngi niyə bu qədər nadirdir?
Sağlamlıq 18:15 02.03.2026

Ürək xərçəngi niyə bu qədər nadirdir?

Bədənin demək olar ki, hər nahiyəsində rast gəlinə bilən xərçəng hüceyrələri niyə ürəyə təsir etmir? Tibb dünyasının illərdir diqqət yetirdiyi bu sualın arxasında ürək hüceyrələrinin bölünmə sürəti ilə bağlı diqqətçəkən bir detal dayanır.

Qaynarinfo xəbər verir ki, orqanizmdə ağciyər, süd vəzi və ya yoğun bağırsaq xərçəngi kimi növlər geniş yayılıb və hər il milyonlarla insana təsir edir. Lakin ürək xərçəngi haqqında demək olar ki, eşidilmir. "Niyə hər orqanın xərçəngi var, amma ürəyin yoxdur?” sualı həm sosial şəbəkələrdə, həm də tibbi müzakirələrdə tez-tez gündəmə gəlir.

Xərçəng nəzarətsiz hüceyrə bölünməsi nəticəsində yaranır. Hüceyrə nə qədər tez-tez bölünərsə, DNT-nin köçürülməsi zamanı səhv ehtimalı bir o qədər artır və bu səhv şişə çevrilə bilər. Ürəyin əsas üstünlüyü məhz burada ortaya çıxır. İnsan orqanizmindəki bir çox toxumadan fərqli olaraq, ürək hüceyrələri doğuşdan qısa müddət sonra bölünmə prosesini demək olar ki, tam dayandırır.

Hüceyrə bölünməsinin dayanması – ürəyin müdafiə xətti

Ürək embrional inkişaf mərhələsində ən erkən fəaliyyətə başlayan orqanlardan biridir. Lakin yetkin insanın ürəyində, təxminən 20 yaşdan sonra hüceyrə bölünməsi demək olar ki, tamamilə dayanır. Həyat boyu qan pompalayan ürək hüceyrələrinin yarıdan çoxu doğulduğumuz gündən qalma hüceyrələrdir.

Bölünmə baş vermədikdə DNT-nin kopyalanması da olmur və səhv riski minimuma enir. Bu isə ürəyi xərçəngə qarşı təbii qoruyucu mexanizmlə təmin edir. Mütəxəssislər hesab edirlər ki, ürək toxumasının aşağı yenilənmə sürəti onun xərçəngə qarşı əsas müdafiə xəttidir.

Bu, ürəkdə heç vaxt şiş əmələ gəlmədiyi anlamına gəlmir. Sadəcə belə hallar son dərəcə nadirdir. Statistik göstəricilərə görə, ilkin ürək şişlərinin rastgəlmə tezliyi on mində bir səviyyəsindədir və bu nadir halların da yalnız kiçik bir hissəsi bədxassəlidir.

Kardioloq peşə fəaliyyəti boyunca minlərlə xəstəyə baxsa da, birbaşa ürəkdən qaynaqlanan xərçəng hadisəsi ilə cəmi bir neçə dəfə qarşılaşa bilər. Əksər hallarda ürəkdə aşkarlanan xərçəng ocaqları başqa orqanlardan – məsələn, ağciyər və ya süd vəzi xərçəngindən – metastaz nəticəsində yaranır.

Təəssüf ki, ürək xərçəngi diaqnozu qoyulduqda xəstəlik adətən ağır gedişata malik olur. Ürəkdəki bədxassəli şişlər aqressiv xarakter daşıyır və kimyaterapiyaya baxmayaraq sağ qalma ehtimalı aşağı olur. Bu səbəbdən tibb elmi daha çox geniş yayılmış və erkən diaqnostika ilə müalicə oluna bilən xərçəng növlərinə fokuslanır.

Aydın
--> -->