ABŞ və İsrailin İrana qarşı hücumları bir həftə əvvəl planlaşdırılsa da, əməliyyatla bağlı gecikmələr və kəşfiyyat səbəblərinə görə təxirə salınıbmış.
Qaynarinfo-nun "Axios”a istinadən verdiyi məlumata görə, ABŞ İsrail Müdafiə Qüvvələri ilə daha effektiv koordinasiya yaratmaq məqsədilə əməliyyatları və kəşfiyyat tədbirlərini ertələyib. Hücumların əsas hədəfi İranın ali lideri Ayətullah Əli Xamenei və onun oğullarının hər şənbə günü yüksək səviyyəli İran rəsmiləri ilə iştirak etdiyi toplantılar olub.
Planlaşdırılan tarixdən faktiki hücuma qədər İsrail və ABŞ rəsmiləri Xameneinin iqamətgahından yeraltı bunkerlərə keçməsi ilə bağlı narahatlıqlarının artdığını bildiriblər. ABŞ administrasiyasının rəsmisi Xameneinin yeraltı bunkerlərə getməməsini "sürpriz” adlandırıb.
İsrailli rəsmilərdən biri Cenevrədə aparılan danışıqların yalnız yeni hücum tarixinə qədər vaxt qazanmaq məqsədilə həyata keçirildiyini və İran tərəfinin diplomatiyanın hələ də açıq olduğunu düşünməsi üçün bu addımın atıldığını bildirib.
Digər bir israilli rəsminin sözlərinə görə, görüşlər səmimi keçib və Cenevrədə irəliləyiş əldə olunacağı təqdirdə hücumun ertələnəcəyi vurğulanıb.
ABŞ rəsmisi isə Cenevrədəki danışıqlardan sonra İranın ABŞ-ın təklifini qəbul etmədiyini, bunun ardınca hücum hazırlıqlarını artıq tamamlamış ABŞ və İsrail qüvvələrinin əməliyyata başladığını bildirib.
Günay
Şərhlər