Xəbər lenti

ABŞ qədim qanun sayəsində İran müharibəsində gözlənilməz
Dünya 18:54 26.04.2026

ABŞ qədim qanun sayəsində İran müharibəsində gözlənilməz "mükafatlar" qazana bilər

ABŞ-ın İrana qarşı tətbiq etdiyi blokada, II Dünya müharibəsindən bəri istifadə olunmayan "qənimət gəmiləri haqqında qanun” vasitəsilə ölkəyə əlavə fayda və gəlir gətirə bilər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes” yazır.

Sözügedən qanun dəniz hüququ və silahlı münaqişə qaydalarının bir hissəsidir və müharibə zamanı ələ keçirilən neytral və ya düşmənə məxsus ticarət gəmilərinə şamil olunur. Hərbi gəmilərdən fərqli olaraq, mülki ticarət gəmilərinin taleyi xüsusi məhkəmələr tərəfindən müəyyən edilir.

"Qənimət gəmiləri haqqında qanun” yalnız silahlı münaqişə şəraitində tətbiq edilir. "Forbes” qeyd edir ki, buna misal kimi 19 aprel tarixində ABŞ tərəfindən İran limanlarına tətbiq edilən blokadanı pozduğuna görə "M/V Touska” adlı gəminin ələ keçirilməsi göstərilə bilər.

Ələ keçirilmiş gəmilər münaqişə tərəfinin yurisdiksiyasında olan limanlara aparılır və burada "qənimət məhkəməsi” tərəfindən araşdırılır. Məhkəmə ələ keçirmənin qanuni olub-olmadığını müəyyən edir. Əgər qanuni hesab olunarsa, gəmi və onun yükü dövlətin mülkiyyətinə keçirilə bilər.

ABŞ-da federal dairə məhkəmələri bu funksiyanı yerinə yetirə bilər, lakin belə proseslər sonuncu dəfə 1956-cı ildə keçirilib.

Əgər hüquqi həll mümkün olmazsa, gəmi ekipajının və sərnişinlərin təhlükəsizliyi təmin edildikdən sonra gəmi məhv edilə bilər.

Mümkün nəticələr

Ekspertlər hesab edir ki, bu qanunun tətbiqi ABŞ-ın dəniz müharibəsində öz hüquqlarını sərt şəkildə müdafiə etməyə hazır olduğunu göstərmək məqsədi daşıyır. Bu, həmçinin İran limanlarına istiqamətlənən neytral ticarət gəmilərinə xəbərdarlıq siqnalı kimi qiymətləndirilə bilər.

"Qənimət hüququ” gələcəkdə Çinlə mümkün münaqişədə də ABŞ üçün alətə çevrilə bilər. Çin həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən gəmilər inşa edir və dünyanın ən böyük ticarət donanmasına malikdir. Bu qanun ABŞ-a neytral sulardan kənarda Çin gəmilərini ələ keçirməyə imkan verə bilər.

Digər tərəfdən, bu yanaşma risklər də yaradır. "Forbes” yazır ki, İran da öz hərəkətlərini eyni hüquqi terminlərlə əsaslandıra bilər ki, bu da ABŞ-ın informasiya siyasətini çətinləşdirə bilər.

Bundan əlavə, belə presedent Çin kimi ölkələrin də oxşar addımlar atmasına zəmin yarada bilər.

Aydın
--> -->