Xəbər lenti

Sağlamlıq üçün gəzintiyə alternativ tapıldı
Dünya 09:00 26.04.2026

Sağlamlıq üçün gəzintiyə alternativ tapıldı

Piyada gəzintilər – demək olar ki, hər kəs üçün uyğun olan faydalı fiziki fəaliyyətlərdən biridir. Lakin problem ondadır ki, buna hər zaman nə vaxt, nə də enerji tapılır. Üstəlik, hava şəraiti də həmişə əlverişli olmur: qar fırtınasında və ya 40 dərəcə istidə gəzinti çox da cəlbedici görünmür.

Qaynarinfo-nun "YourTango"ya istinadən məlumatına görə, elmi araşdırmalar göstərir ki, piyada gəzintilərə yaxşı alternativ var – 30 dəqiqəlik isti vannada relaksasiya. Bu, əlbəttə ki, fiziki aktivliyi tam əvəz etmir, amma bəzən növbələşdirmək mümkündür.

Lafboro Universitetinin (Böyük Britaniya) alimləri velosiped sürmə ilə isti vannanın insan orqanizminə təsirini müqayisə ediblər. Araşdırmada 14 kişi iştirak edib: əvvəlcə onlara bir saat velosiped pedalını çevirmək tapşırılıb, daha sonra isə 38 dərəcə Selsi temperaturunda vannaya salınıblar.

Təcrübə göstərib ki, iştirakçılar bir saat vanna qəbul edərkən təxminən 140 kalori sərf ediblər. Bu, 30 dəqiqəlik piyada gəzinti zamanı sərf olunan enerji ilə demək olar ki, eynidir.

Araşdırma həmçinin göstərib ki, yeməkdən sonra qanda şəkərin pik səviyyəsi vanna qəbul edilən gün velosiped sürdükləri günlə müqayisədə təxminən 10% daha aşağı olub. Tədqiqatçılar bunu əhəmiyyətli metabolik nəticə kimi qiymətləndirirlər, çünki buna nail olmaq üçün iştirakçılar demək olar ki, heç bir fiziki səy göstərməyiblər.

Britaniyalı alimlərin araşdırması daha əvvəl fin tədqiqatçıların nəticələri ilə də uyğunluq təşkil edir. Onlar müəyyən ediblər ki, saunaya tez-tez getmək kişilərdə infarkt və insult riskini azaldır.

Tədqiqatçılar qeyd edirlər ki, bütün bunlar idmandan imtina etməli olduğunuz anlamına gəlmir. Fiziki məşqlər əzələ gücünün artırılması, ağciyər həcminin yaxşılaşdırılması və endorfin ifrazı üçün hələ də vacibdir. Lakin bərpa günlərində, hərəkətin məhdud olduğu dövrlərdə və ya sadəcə istirahət günlərində isti vanna orqanizmə gözlənildiyindən daha çox fayda verə bilər.

Aydın

--> -->