"ABŞ Dövlət Departamenti Ermənistana səyahət xəbərdarlıqlarını yeniləməklə Amerikanın bölgədəki proseslərə dolayı yolla müdaxiləsinə zəmin yaratmaq istəyir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ Dövlət Departamentinin Ermənistana səyahət xəbərdarlığını yeniləyərək, öz vətəndaşlarını bu ölkənin Azərbaycanla sərhəd ərazilərinə səyahətdən çəkinməyi tövsiyyə etməsini şərh edərkən deyib.
"Əslində, gərginlik üçün heç bir əsas yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi rəvan gedir. Anlaşma, istək və qətiyyət var. Proseslə bağlı iş cədvəlləri razılaşdırılıb. Hər şey öz axarı, səhmanı ilə gedir", deyə ekspert bildirib.
Onun fikrincə, Dövlət Departamenti Ermənistanla Azərbaycan sərhədində vəziyyətin guya gərgin olduğu barədə açıqlama yayır:
"Gərgin olduğunu ortaya atmaqla da özlərinin bölgəyə gəlib guya sülh yaradacaqları düşüncəsini formalaşdırmağa çalışırlar. Bu, boş söhbətdir. Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, azərbaycanlıları öz dədə-baba torpaqlarından qovanda Bakıya qarşı sanksiya (907-cı düzəliş) tətbiq etdilər. İndi də onlar eyni ampuladadırlar. Buna fikir vermək lazım deyil. Necə deyərlər, "fərman sultanındır, dağlar bizimdir".
Politoloq deyir ki, Cənubi Qafqaz ölkələri Amerikanın məsləhəti olmadan da öz aralarında münasibətləri inkişaf etdirə bilərlər:
"Oturub Ermənistanla ikitərəfli münasibətləri tənzimləməliyik. Hər şey yaxşı olacaq. ABŞ böyük, güclü və varlı dövlətdir. Amma dünyanın ağaısı onlar deyil. Hər bir bölgənin öz sahibi var. Burada yaşayan xalqlar Amerikanın məsləhəti, müdaxiləsi olmadan da öz işlərini görə bilərlər".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistana səyahət xəbərdarlıqlarını yeniləyib. Bu əsasda Departament Ermənistanın sərhəd rayonlarına səyahətdən qaçmağı tövsiyyə edib. Departamentin iddiasına görə, Azərbaycanla həmsərhəd ərazilər xüsusi narahatlıq doğurur, çünki "regionda yeni hərbi əməliyyatlar ola bilər”:
"Ermənistanda rəsmi iş görən Amerika vətəndaşlarına səfər etmək qadağandır. Geqarkunik bölgəsində - Vardenisdən şərqdə, Sünik bölgəsində - Gorurisdən şərqdə, Sünik bölgəsində - Kapandan cənub ərzailərə səfərlər dayandırılmalıdır".
Xaıtrladaq ki, avqustun 8-də Vaşinqtonda Ağ Ev rəhbərinin iştirakı ilə Azərbaycanla Ermənsitan arasında sülh müqaviləsi paraflanması həyata keçirildi. Bu addım regionda sülhə böyük töhfə kimi qiymətləndirilir. Amma buna rəğmən Dövlət Departamenti müharibə təhlükəsini əsas gətirməklə öz vətəndaşlarına Ermənistanın sərhəd ərazilərinə səyahətdən yayınmağı tövsiyyə edib.
Rüfət Sultan
Şərhlər