İdman 11:47 22.06.2023

AFFA-da hakimlər arasında çəkişmə: Departament rəhbərinə qarşı ağır ittihamlar

Bəzən AFFA-nın Hakimlər Komitəsinin (HK) atdığı bir çox addımlar müzakirələrə səbəb olur. Məsələn, oyunlarda yol verilən səhvlərdən tutmuş, komitədə hər dəfə həyata keçirilən dəyişikliklərdən sonra müxtəlif hakimlərin işindən uzaqlaşması ilə bağlı xəbərlər futbol ictimaiyyətinin diqqətini çəkən məqamlardandır.
 
Bir neçə il öncəki Hakimlər Komitəsi ilə indiki arasında, xüsusən də kadr baxımından nəzərəçarpan dəyişikliklərdən sonra yenə də hakimliyin istənilən səviyyədə olmamasını qabartmaq mümkündür. Belə bir məqamda isə hakimlərin işlərindən uzaqlaşdırılması təbii ki, müsbət qarşılana bilməz. Bu "qurbanlardan” biri də referi Bilal Rüstəmovdur. Sevimli işindən kənarlaşdırılan fit sahibi HK-dan narazılığını bildirib. 0, uzaqlaşdırılmasına səbəb kimi haqqını tələb etməsini və ayrıseçkilik gördüyü üçün etiraz səsini ucaltmasını göstərir. 

Xüsusən də Hakimlər Komitəsində təyinatlara cavabdeh olan Cavid Cəlilovdan narazılığını bildirən Rüstəmov Qaynarinfo-ya açıqlamasında məhz onu günahlandırıb.
 


"Bəli, məni hakimlikdən uzaqlaşdırıblar. Məsələ necədir? Cavid Cəlilov var, Hakimlər Departamentinin rəhbəridir. Bir də təyinatlara baxan digər şəxs Bəxtiyar Osmanlı var. Deməli, kim Cavid Cəlilova "blok"la siqaret alırsa, o da oyunlara gedir. Özü də içəri girəndə əlində siqaret olur. Halbuki Premyer Liqa hakimidir. VAR-dan çıxır, AVAR-a keçir. AVAR-dan çıxıb Premyer Liqada baş hakim olur. Bəxtiyar isə öz dost-tanışlarına təyinat yazır. 10 ildir, Xaqani Məmmədovun Hakimlər Komitəsinin sədri olmasından bəri hakimlik edirəm. Hakimlər Komitəsinin hazırkı sədri Barış Şimşəyə müraciət etmişdim. Amma yanında çalışan Cəlilov müraciətimi ona çatdırmadı. Beləliklə, məni hakimlikdən uzaqlaşdırdılar. Birinci Divizionla Premyer Liqadan başqa bütün çempionatlarda hakimlik etmişəm. U-17, U-19, həmçinin Region Liqasında oyun idarə etmişəm. 35 yaşım var, həm köməkçi, həm də baş hakim kimi fəaliyyət göstərirdim. Uzaqlaşdırılmağımın səbəbinə gəlincə, haqqımı tələb edirdim. Çünki mən də digərləri kimi normativlərdə iştirak edib, eyni nəticələr göstərmişəm. Lənkərandan Orxan Şəfiyev adlı hakim var. Ona elə təkcə Lənkərandakı oyunları idarə etmək üçün 300 manat qonorar yazırdılar. Amma mənə Salyandan Hövsana getmək üçün cəmi 60 manat verirdilər. Çünki Bəxtiyar onun dostu, qardaşıdır. Ailəvi yaxındırlar. Bu, nə dərəcədə düzgündür? Salyandan Hövsana getmək üçün 40 manat xərcləyirəm. Amma Orxana bir həftə ərzində 350-400 manat qonorar yazılır. Məni tamamilə hakimlik siyahısından çıxardılar. Səbəb kimi də guya Hakimlər Departamentinin işçilərini incitməyimi göstəriblər. Halbuki mən onlardan haqqımı istəmişəm. Niyə 60 manata görə Hövsana getməliyəm? Niyə ancaq dost-tanışlara təyinat verirlər? Əsasən də Cavid məni çox incidir. Bilmirəm səbəb nədir. Tək mən deyiləm, Salyanda xeyli hakim var, hamısına qarşı eyni münasibət göstərirlər. Xüsusən də mənim üstümə düşürlər. Cavidi çoxdan tanıyıram. Deyirlər ki, "Get prezident aparatına şikayət elə, heç kimdən qorxmuruq, ürəyimiz istəyəni edirik”. Konkret özbaşınalıqdır. Bilirəm, Hakimlər Komitəsində Anar Salmanov, Babək Quliyev var. Amma onlar bu işə baxmadıqlarını deyirlər. Barış Şimşək Bakıda deyil. Bütün səlahiyyətləri Cəlilova verib, gedib Türkiyəyə. O da mənə imkan yaratmır. Başqa heç kimə müraciət etməmişəm. Çünki Allahdan başqa heç kimim yoxdur. Mən hakimliklə dolanırdım. İndi havadayam, hakimlikdən çıxarıldıqdan sonra kimə müraciət edim? Bəlkə də Cavid məni Barış Şimşəyin yanında pisləyib, ona görə də o, cavab yazmayıb. Kim Cavidə siqaret alırsa, yeyib-içmək, qonaqlıq təşkil edirsə, ancaq onlara təyinat yazılır”.

Təbii ki, bu məsələdə günahlandırılan tərəfin - Cavid Cəlilovun da fikirlərinə yer verdik. Departament rəhbəri ittihamların əsassız olduğunu, Rüstəmovun da məhz intizamsızlığa görə hakimlikdən uzaqlaşdırıldığını dedi:
 


"Onun sadaladığı bütün ittihamlar ciddidir. Buna görə, hətta insan məhkəmə qarşısında cavab verməli olar. İddialara gəlincə, hamısı tamamilə əsassızdır. Artıq iddia deyil, iftiradır. Əlində heç bir əsas yoxdursa, kiminsə üzərinə böhtan ata bilməzsən. Tamamilə boş, heç bir əsası olmayan yalanlardır. O, daxili intizam və etika qaydalarını dəfələrlə pozduğuna görə, məsələsinə baxılması barədə məlumat Hakimlər Komitəsinə göndərilib. Komitənin iclasında onun məsələsinə baxılıb və qiymətləndirilib. Nəticədə təyinat verilməməsi və hakimlikdən uzaqlaşdırılması qərara alınıb. Bu cür davranış əvvəlki sədrin dönəmində olub. İndi də təkrarlanmışdı. Bu adam nizam-intizam, etika qaydalarına riayət etmirdi. Onun haqqında artıq şərhə ehtiyac yoxdur. O ki, qaldı hakimliklə dolanmasına, bu, ictimai əsaslarla olan bir işdir. Yəni o, əmək müqaviləsi ilə hakimlik fəaliyyəti göstərmədiyi üçün qarşısında hər hansı öhdəlik olsun. Bu xidməti əsaslarla olan bir işdir. Bəzi istisnalar olur, məsələn, Premyer Liqada oyun idarə edənlərlə bağlı peşəkar hakim statusu və müqavilələr var. Bu başqa mövzudur. Qalan hakimlər xidməti müqavilə ilə fəaliyyət göstərir. Yəni, Hakimlər Komitəsi nə vaxt onun xidmətindən yararlanmaq istəsə, təyinat verir. Bunun əsasında da müəyyən qonorar təyin olunur. Kimsə hakimlikdən dolandığını deyirsə, tamamilə yanlışdır. Çünki bu, daimi, əmək müqaviləsi ilə olan iş yeri deyil ki, aylıq sözləşmən olsun, hansı oyunlara gedəcəyin və nə qədər qonorar alacağını biləsən. Bu adam göstərdiyi xidmətin qarşılığında qonorarını alır. Hakimlik hobbidir, daimi iş yeri deyil. İnsanın iş yeri olmalıdır. O, işləmək istəyirsə və ya istəmirsə özü bilər, buna qarışmağa ixtiyarım yoxdur. Peşəkar müqavilələr isə yalnız Premyer Liqada oyun idarə edən hakimlərə aiddir. Hakim müəyyən səviyyəyə çatanda peşəkar müqavilə təklif olunur. Bunu qəbul etdiyi təqdirdə artıq "Peşəkar hakim” statusu daşıyır. Yəni, onunla peşəkar müqavilə bağlandıqdan sonra oyunlara təyinat alıb-almamasından asılı olmayaraq müəyyən məvacib verilir. O, nəyə əsaslanaraq belə deyir, bilmirəm. Əlində sübut varsa, aidiyyatı orqanlara təqdim etsin. Çünki onun dedikləri yalandır, saxtakarlıqdır. Sübut olunsa, müəyyən orqanlar qarşısında cavab verməyə hazırıq. Adam tərəfindən şəxsən mənə heç bir müraciət forması olmayıb. Hətta ona Hakimlər Komitəsinin rəsmi ünvanına müraciət etmək təklif olunub. Ancaq o, heç nə yazmayacağını deyib. Digər tərəfdən onunla aramızda heç bir telefon danışığı da olmayıb. Boş iddialardır. Nəsə iddia edirsənsə, bu, müəyyən faktlara söykənməlidir. Əlində əsas yoxdursa, bu, həm dinimizdə günah sayılır, həm də etikadan kənar hərəkətdir. Başa düşürəm, hakimlik sığortalı iş deyil. Hər an təyinatlardan kənarda qala bilərsən. Belə olan hallarda, insanlar həmişə bütün günahları üzərinə atmaq üçün kənar adam axtarırlar. Şükür Allaha, 2017-ci ildən komitədə çalışıram. İndiyə qədər hər hansı hakimlə problemim olmayıb. Bəlkə də kimsə məndən inciyib, bunu deyə bilmərəm. Bəzən insan öz hərəkətlərinə də fikir verməlidir. Özünə sual verməlidir ki, niyə belə oldu? Bir adamın iki fərqli ölkədən olan komitə sədri ilə problemi yaranırsa, bəlkə bir qədər özümüzə baxmağın da faydası var. Heç bir şey boşuna olmur. Yaxşı hakim heç vaxt kənarda qalmaz. O, kateqoriyası aşağı olan hakimdir. Premyer Liqa, Birinci Divizion, hətta U-19 liqasına da təyinatları olmur. 15 ildir hakimlik edirsə və bu müddətdə aşağı liqadan yuxarılara qalxa bilməyibsə, məncə, özünə də baxmalıdır”.

Səbuhi Həsənov