Xəbər lenti

Aİ Rusiya qazından imtinanı sürətləndirmək barədə razılığa gəldi
Dünya 14:18 03.12.2025

Aİ Rusiya qazından imtinanı sürətləndirmək barədə razılığa gəldi

Avropa İttifaqına üzv ölkələr Rusiya qazı idxalını əvvəl planlaşdırılandan daha tez dayandırmaq barədə razılığa gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazıb.

Əldə olunan razılaşmalar mayeləşdirilmiş Rusiya qazının idxalına mərhələli qadağanı 2026-cı ilin sonuna qədər nəzərdə tutur – bu, Avropa Komissiyasının təklif etdiyi müddətdən bir il tezdir.

Boru kəmərləri ilə qaz idxalı üzrə uzunmüddətli müqavilələr 2027-ci il sentyabrın 30-na qədər dayandırılmalıdır. Lakin bu müddət 2027-ci il noyabrın 1-nə qədər uzadıla bilər – hər şey Avropa qaz anbarlarına nə qədər qaz vurulacağından asılı olacaq. Əvvəllər güman edilirdi ki, Aİ Rusiya qazı ilə yekun "vida”nı 2027-ci ilin dekabrının sonunda edəcək.

"Axır ki, biz Rusiya qazının kranını tam bağlayırıq… Avropa enerji təhlükəsizliyini və müstəqilliyini seçib. Biz heç vaxt qeyri-stabil tədarüklərə və bazarda manipulyasiyalara qayıtmayacağıq”, – Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorqensen bildirib.

Avropa Komissiyası həmçinin 2026-cı ildə Rusiya neftinin idxalının 2027-ci ilin sonunadək mərhələli şəkildə dayandırılması ilə bağlı qanunvericilik təklifi təqdim etməyi planlaşdırır.

Hələ də Rusiya "qara qızılı”nı idxal edən ölkələr, Rusiya tədarüklərini dayandırmaq üçün təchizatın diversifikasiyası üzrə milli planlar hazırlamalıdır.

2025-ci ilin iyun ayında Avropa Komissiyası uzun müzakirələrdən sonra Rusiya qazı və neftindən mərhələli imtina planını təqdim etmişdi. Sənədə əsasən, Rusiya qazının idxalı 2027-ci ilin sonunadək dayandırılmalı idi.

Bununla kifayətlənməyən İttifaq, 19-cu sanksiya paketinin tərkibində 2027-ci il yanvarın 1-dən etibarən Rusiya mayeləşdirilmiş qazının idxalına qadağa nəzərdə tutdu.

Öz növbəsində Slovakiyanın baş naziri Robert Fico bildirib ki, Rusiya qazından imtina ilə bağlı Aİ qərarını məhkəmədə mübahisələndirməyi planlaşdırır. O iddia edir ki, Aİ-nin bu qərarı Slovakiyaya ciddi zərər vurur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->