Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyinin daha da pisləşməsinə hazır deyil və insanları, eləcə də infrastrukturu daşqınlar, meşə yanğınları və güclü istilik dalğalarından qorumaq üçün investisiyaları təcili şəkildə artırmalıdır.
Qaynarinfo-nun "European Pravda”ya istinadən məlumatına görə, bu barədə Avropa İqlim Dəyişikliyi üzrə Elmi Məsləhət Şurası məlumat yayıb.
Aİ məlumatlarına əsasən, hava və iqlim ekstremumları nəticəsində Avropada infrastruktur və binalara dəyən iqtisadi zərər hazırda ildə 45 milyard avro təşkil edir. Bu göstərici 1980-ci illərlə müqayisədə beş dəfə çoxdur.
Qeyd olunur ki, Aİ istixana qazı emissiyalarının – iqlim dəyişikliyinin əsas səbəbinin azaldılması ilə bağlı iddialı hədəflər müəyyənləşdirsə də, ekstremal hava hadisələrinə uyğunlaşma istiqamətində səylər yetərli deyil.
Şuranın sədri Otmar Edenhofer bildirib ki, əsas problemlər uzlaşmanın, koordinasiyanın və maliyyənin çatışmazlığıdır.
Məsləhətçilər xəbərdarlıq ediblər ki, daha yaxşı hazırlıq görülməzsə, ekstremal hava hadisələri Aİ-nin rəqabət qabiliyyətinə zərər vurmağa davam edəcək, dövlət büdcələrinə təzyiq göstərəcək və təhlükəsizlik risklərini artıracaq.
Şura Aİ-yə 2100-cü ilə qədər temperaturun 2,8–3,3 dərəcə artma ilə bağlı risklərə bütün üzv dövlətlər səviyyəsində hazırlaşmağı tövsiyə edib. Bu yanaşma insanların və biznesin uyğunlaşmasına kömək edəcək siyasətlərin əsasını təşkil etməlidir.
Tövsiyələrə daşqın riski olan ərazilərdə yaşayış tikintisinin məhdudlaşdırılması, quraqlıqdan əziyyət çəkən fermerlər üçün dəstək planlarının hazırlanması, eləcə də şəhərlərin kəskin istilik artımlarına daha davamlı şəkildə layihələndirilməsi daxildir.
Bundan əlavə, dövlət erkən xəbərdarlıq sistemlərinə investisiyaların artırılması və sığorta əhatəsinin genişləndirilməsi vacib sayılır. Hazırda Aİ-də iqlim risklərindən yaranan iqtisadi zərərin yalnız dörddə biri sığortalanıb.
"World Meteorological Organization"nın məlumatına görə, iqlim dəyişikliyi Avropanı dünyada ən sürətlə istiləşən qitəyə çevirib. Bu isə daha tez-tez və daha intensiv istilik dalğalarına, daşqınlara, sahil eroziyasına və fırtınalara səbəb olur.
Qeyd edək ki, Avropa Komissiyası bu il 2023-cü ildə Sloveniya-da baş verən daşqınlar və ötən il Avropada qeydə alınan ən ağır meşə yanğınları mövsümündən sonra yeni "iqlim davamlılığı” strategiyası təqdim etməyi planlaşdırır.
Günay
Şərhlər