"Qarabağ”ın boyundan yuxarı tullanmasına, Azərbaycan futbolunun real vəziyyəti ilə üst-üstə düşməyən nəticələr qazanmazına adət etmişik. Qurban Qurbanov və onun yetirmələri yeni tarix yazıb. Bu mövsüm Çempionlar Liqasının qalibi olmağam iddia edən cəmi 24 klub qalıb ki, onlardan da biri Azərbaycan təmsilçisi "Qarabağ”dır. İnanılmazdır, amma gerçəkdir. "Qarabağ” Avropanın nəhəng klubları ilə bir cərgədə dayanıb. Buna isə Çempionlar Liqasının əsas mərhələsində 10 xal toplamaqla nail olub. "Qarabağ”ın məğlub etdiyi komandalar sırasında Portuqaliya təmsilçisi "Benfika”, Danimarka çempionu "Kopenhagen”, "Qalatasaray”ı 5:1 hesabıyla məğlub edən "Ayntraxt” var. London "Çelsi”sindən də Bakıda bir xal almağı bacarmışıq.
Bütün bunları yenidən ona görə xatırladıram ki, aramızda "Qarabağ”ın fantastik göstəricilərini unudanlar, bu uğurların böyüklüyünü anlamaq istəməyənlər, qəbul etməyənlər var. "Qarabağ” pandemiya dövründə keçirilən çempionatın son turunda "Neftçi”yə məğlub olub, çempionluğu əldən verəndə çoxları Qurban Qurbanovun və onun komandasının erasının bitdiyini düşünürdü. Həmin mövsüm çempion olan "Neftçi” Çempionlar Liqasında üzüaşağı Konfrans Liqasına qədər uduza-uduza gəldi, ölkə futbolu adına heç bir uğur qazana bilmədi. Əvəzində "Qarabağ” ənənəsini pozmadı, yenidən qrup mərhələsinə yüksəldi, Azərbaycan futbolunun Avropada uğurlu təmsilçisi missiyasını adınalayiq şəkildə yerinə yetirdi, digər klublarımız üçün də reytinq xalları qazandı.
Yenə "Qarabağ” yoluna davam edir, növbəti rəqib "Nyukasl”dır. Azərbaycan futbolunun Avropadakı qüruru İngiltərə təmsilçisi "Nyukasl”ı fevralın 18-də Bakıda qəbul edəcək. Cavab qarşılaşması isə fevralın 24-də səfərdə keçiriləcək. Arada cəmi 6 gün vaxt var. Bu 6 gün ərzində çatdırıb "Neftçi” ilə də qarşılaşmaq lazımdır. Daha doğrusu, PFL "Neftçi” – "Qarabağ” qarşılaşmasını fevralın 21-ə təyin edib. 6 gün ərzində üç oyun keçirmək, uzaq İngiltərəyə səfər etmək çox çətin görünür. Qurban Qurbanov da "Turan Tovuz”la oyundan sonra bu məqamı dilə gətirmiş, mümkün təxirəsalma üçün PFL-ə müraciət edəcəklərini bildirmişdi. Onun bu fikirləri kimlərisə cuşa gətirib, "Neftçi” rəhbərliyinin oyunun təxirə salınmasına razılıq verməməsi üçün kampaniya aparanlar iş başındadır. Belələrini başa düşmək olar. İllər sonra "Qarabağ”ı məğlub etmək, qisas almaq üçün fürsət yaranıb. Onları vicdanları ilə başbaşa buraxıb, "Neftçi” rəhbərliyinin Azərbaycan futbolunun mənafeyini düşünərək qərar verəcəyinə ümid edək.
Bu yerdə onu da xatırladaq ki, təxirəsalma halları təkcə Azərbaycana xas deyil. Uzaq Avropanın nəhənglərindən nümunə götürmək üçün tələsməyin. Büdcəsi "Qarabağ”ın büdcəsindən dəfələrlə çox olan, illərlə ağzımızın suyu axa-axa azarkeşlik etdiyimiz Türkiyə klubları üçün də TFF tez-tez belə qərarlar verir. Özü də hələ təsnifat mərhələsində. Bu mövsüm Türkiyə Super Liqasının 3-cü turunda "Beşiktaş, "Başakşəhər” və "Samsunspor”un iştirakı ilə keçiriləcək oyunlar təxirə salınmışdı. İki il bundan əvvəl yenə üçüncü turda "Qalatasaray”, "Trabzonspor” və "Başakşəhər”ə güzəşt olunmuşdu. Avrokubokların digər iştirakçısı "Beşiktaş” həmin tur onsuz da təqvimə görə meydana çıxmayacaqdı. "Fənərbaxça”ya da hər dəfəsində oxşar güzəşt edilib. Siyahını uzatsaq, nümunələr göstərə bilərik.
Bir sözlə, "Qarabağ”ın indi bütün Azərbaycanın dəstəyinə ehtiyacı var, bu dəstəyi ondan əsirgəməyək. Azərbaycan futbolu naminə. "Nyukasl”ın rəngləri "Neftçi” ilə eyni olsa da, ortada Azərbaycanın nüfuzu var, bunu unutmayaq.
Amal Abuşov
Şərhlər