Alyaskanın Traki Arm fiyordunda 10 avqust tarixində baş verən nəhəng torpaq sürüşməsi, misilsiz gücə malik bir meqa-sunamini törədib.
Qaynarinfo xəbər verir ki, dalğanın qarşı yamaca çatdığı maksimum hündürlük 500 metrə yaxın olub. Mütəxəssislər bildirirlər ki, 1.000 kilometr məsafədən belə qeydə alınan seysmik siqnal hadisə bölgəsində təhlükənin hələ də davam etdiyini göstərir.
Sunami təbiətin ən dağıdıcı hadisələrindən biridir. Bu dəfə baş verən fəlakət isə gözləntiləri də aşıb. 10 avqustda Alyaskanın paytaxtı Cunodan təxminən 130 kilometr cənubda yerləşən Traki Arm fiyordunda böyük bir torpaq sürüşməsi qeydə alınıb. Buzlaqlarla əhatəli bölgədə təxminən 100 milyon kubmetr torpaq kütləsinin qəfil suya düşməsi nəticəsində yaranan dalğanın hündürlüyü, Nyu-Yorkun ən hündür binalarını belə kölgədə qoyub.
Alyaska ştatının seysmoloqu Maykl Uest bildirib ki, sürüşmənin baş verdiyi buzlaq yaxınlığındakı hər şey tamamilə məhv olub. Hadisə zamanı bölgədə insanın olmaması fəlakətin can itkisinə səbəb olmasının qarşısını alıb, lakin Uest hadisənin intensivliyinin son dərəcə yüksək olduğunu vurğulayıb.
Sürüşmə yerli vaxtla səhər saat 05:30 radələrində baş verib. Hadisədən xeyli uzaqda yerləşən Fords Terror fiyordunun girişində gəzinti gəmisi sahibi Kristin Smit suyun gelgit zamanı gözlənilmədən qalxmağa başladığını görüb. O, vəziyyətdə nəsə problem olduğunu anlayaraq dərhal seysmoloqlarla əlaqə saxlayıb.
Alyaska Zəlzələ Mərkəzi və ABŞ Geoloji Tədqiqatlar Xidməti (USGS) qısa müddətdə bölgədə torpaq sürüşməsinin baş verdiyini təsdiqləyib. Olayın seysmik siqnalları 1.000 kilometrdən artıq məsafədəki stansiyalar tərəfindən belə qeydə alınıb.
Hadisədən sonra aparılan təhlillər sürüşmənin yaratdığı ilkin dalğanın miqyasını üzə çıxarıb. GPS və helikopter vasitəsilə aparılan ölçmələr dalğanın qarşı yamacda 470–500 metr arası hündürlüyə çatdığını göstərib. Bu isə ABŞ-ın ən hündür binası "One World Trade Center" istisna olmaqla, "Nyu-York"dakı bütün göydələnlərdən daha hündür bir dalğa deməkdir.
Bu sunami, dünya tarixində qeydə alınan ən yüksək dalğa olmasa da (Alyaskada əvvəllər 24 metr daha hündür dalğa qeydə alınıb), yaratdığı təsir miqyasına görə diqqət çəkib. Fiyordun ağzındakı adada düşərgə quran bəzi kanoçuların avadanlıqları su ilə sürüklənib, lakin xoşbəxtlikdən itki baş verməyib.
Məlumatlara əsasən, sunami "seyş" adlı fenomeni də yaradıb — bu, suyun qapalı hövzə daxilində irəli-geri hərəkət etdiyi dalğa formasıdır. Alyaska Zəlzələ Mərkəzi bildirib ki, bu hərəkət hadisədən sonra 35 saat ərzində hər dəqiqə bir dəfə təkrarlanıb.
Hadisədən sonrakı günlərdə çəkilən görüntülər dağıntının miqyasını açıq şəkildə göstərib. USGS isə bölgədəki təsirlərin uzunmüddətli olacağını qeyd edib. Qurum xəbərdarlıq edib ki, dik və dağlıq relyefə malik ərazilər təbiət etibarilə qeyri-sabitdir və əsas sürüşmədən sonra illərlə dəyişiklik göstərə bilər. Bu səbəbdən gələcəkdə kiçik torpaq sürüşmələri və yerli sunamilərin baş vermə ehtimalı yüksək olaraq qalır.
Aydın
Şərhlər