"Google Pixel 6" və daha yeni modellərin sahibləri iyunun əvvəlində "Android 16" sisteminə keçid etdikdən sonra, artıq saxta mobil şəbəkələrə qarşı yeni təhlükəsizlik funksiyasını sınaqdan keçirə bilərlər.
Qaynarinfo xəbər verir ki, "Android Authority"in məlumatına görə, "Google" "Android 16" sisteminə saxta mobil şəbəkələrdən qoruma funksiyası əlavə edib. Bu tip hücumlar zamanı smartfon təhlükəli bir şəbəkəyə qoşulmağa məcbur edilir – bu isə həm xüsusi xidmət orqanları, həm də cinayətkarlar tərəfindən istifadə edilə bilər.
Məlum olduğu kimi, smartfonlar avtomatik olaraq ən güclü siqnal verən şəbəkəyə qoşulur. Bu da "casus antenalar” adlanan qurğuların – saxta baza stansiyalarının – istifadə edilməsinə şərait yaradır. Onlar orijinal şəbəkələri təqlid edərək şəxsi məlumatların ələ keçirilməsinə və istifadəçilərin izlənməsinə imkan verir.
Materialda qeyd olunur ki, bu hücumlar zamanı hücum edənlər həm IMEI kimi texniki məlumatları toplaya, həm də bəzi hallarda cihazı köhnə və zəif şifrələnmiş rabitə protokollarına – məsələn, 2G-yə keçməyə məcbur edə bilirlər. Belə hallarda zənglərə və SMS-lərə müdaxilə mümkün olur.
Qeyd edək ki, "Google” bu sahədə bir sıra əvvəlki addımlar atmışdı. Belə ki, "Android 12" sistemində 2G bağlantısını söndürmək imkanı əlavə olunmuşdu, "Android 14"də təhlükəli bağlantılara qarşı ilkin qoruma tədbirləri tətbiq edilmişdi. "Android 16" isə bu istiqamətdə daha irəli gedərək istifadəçiyə qorunan və qorunmayan şəbəkələr arasında keçid zamanı xəbərdarlıq göndərəcək.
Bu funksiyanı artıq "Android 16" yeniləməsini alan "Google Pixel” smartfonlarının sahibləri yoxlaya bilər. Funksiya cihazın SIM-kart ayarlarında yerləşir. Saxta və ya şifrələnməmiş şəbəkəyə bağlantı zamanı bildiriş almaq üçün "Təhlükəsizlik və məxfilik” bölməsindən bu opsiyanı aktivləşdirmək mümkündür.
Aydın
Şərhlər