"Təhsil sahəsində süni intellekt hər bir şagirdin bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş öyrənmə imkanları yaradır. Müəllimlər tədris prosesini daha effektiv planlaşdıra bilir, şagirdlər isə öz bilik boşluqlarını daha asan müəyyən edərək onları aradan qaldıra bilirlər".
Qaynarinfo xəbər verir ki, bu sözləri deputat Arzu Nağıyev Milli Məclisdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Deputat bildirib ki, hər bir texnoloji inkişaf kimi, süni intellekt və rəqəmsal platformalar da müəyyən risklər yaradır.
"Xüsusilə uşaqlar və yeniyetmələr internetdən və sosial şəbəkələrdən geniş istifadə etdikləri üçün bu risklərə daha həssas qrup hesab olunurlar. Bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial şəbəkələrdə keçirir. Onlar burada ünsiyyət qurur, məlumat əldə edir, öyrənir və əylənirlər. Lakin sosial şəbəkələrin faydaları ilə yanaşı, ciddi təhlükələri də mövcuddur.
Sosial şəbəkələrdə təhqir, alçaldıcı rəylər, təhdidlər və məqsədli psixoloji təzyiq uşaqların emosional sağlamlığına mənfi təsir göstərir. Bir çox hallarda kibertəzyiq uşaqlarda özünəinamın azalmasına, sosial təcridə, depressiyaya və hətta daha ağır psixoloji nəticələrə səbəb ola bilir. Zərərli və yaşa uyğun olmayan məzmunun əlçatan olması da ciddi problemdir. Şiddət, nifrət nitqi, dezinformasiya, manipulyativ reklamlar və digər uyğun olmayan materiallar uşaqların psixoloji inkişafına mənfi təsir göstərə bilər".
Arzu Nağıyev qeyd edib ki, şəxsi məlumatların təhlükəsizliyi də ciddi məsələdir:
"Uşaqlar çox vaxt şəxsi məlumatlarını, şəkillərini və olduqları məkanı düşünmədən paylaşırlar. Bu isə kibercinayətkarlar tərəfindən saxta hesabların yaradılması, dələduzluq və digər qanunsuz fəaliyyətlər üçün istifadə oluna bilər. Saxta foto, video və səs yazıları hazırlamağa imkan verən texnologiyalar, avtomatik yaradılan manipulyativ məzmun və saxta profillər uşaqların doğru məlumatı yanlış məlumatdan ayırmasını çətinləşdirə bilər".
Deputat vurğulayıb ki, bu problemlərin həlli yalnız bir qurumun üzərinə düşmür:
"Burada dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməli, onlarla açıq dialoq qurmalı, internetdən təhlükəsiz istifadə qaydalarını izah etməli və onlayn fəaliyyətləri ilə maraqlanmalıdırlar. Nəzarət yalnız məhdudiyyətlərdən ibarət olmamalı, həm də etibar və maarifləndirmə prinsipləri üzərində qurulmalıdır.
Məktəblərdə kibertəhlükəsizlik mövzularına daha geniş yer verilməlidir. Şagirdlər yalnız kompüterdən istifadə etməyi deyil, həm də məlumatın doğruluğunu yoxlamağı, şəxsi məlumatlarını qorumağı, sosial şəbəkələrdə etik davranmağı və internet risklərini tanımağı öyrənməlidirlər. Sosial şəbəkə platformaları isə süni intellektdən istifadə etməklə zərərli məzmunun daha operativ aşkarlanmasını və uşaqlar üçün təhlükəsizlik funksiyalarının təkmilləşdirilməsini təmin etməlidirlər".
Vüqar
Şərhlər