XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"İstefa qatarı"nın növbəti sərnişini
Amal Abuşov
İdman16:26 31.08.2026

"İstefa qatarı"nın növbəti sərnişini

“Qəbələ” gürcüstanlı baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırdı. Bununla da 2024-cü ilin fevralında başlayan işbirliyi sona çatdı. Hələ “Şamaxı” ilə oyun ərəfəsində həmin qarşılaşmanın gürcü mütəxəssis üçün son şans olduğu barədə xəbərlər oxuyurduq. Hiss olunurdu ki, “Qəbələ” rəhbərliyinin “səbr kasası” daşıb. Xüsusən də “Qəbələ”nin doğma meydanda debütant “Şəfa”ya məğlub olması Tsxadadzenin vəziyyətini qəlizləşdirmişdi. “Qırmızı-qaralar” “Şamaxı”ya da bata bilməyincə yolların ayrılmasına qərar verildi. İnanmıram ki, kimsə bu qərara təəccüblənsin, yaxud da klub rəhbərliyini qınasın. Nəticə yoxdursa, buna görə birinci növbədə məsuliyyət daşıyan baş məşqçidir. Belədə dəyişiklik elə məşqçilər korpusundan başlayır.

Mən Kaxaber Tsxadadzenin “Qəbələ”dəki işini çək-çevir etmək fikrindən uzağam. Nəticələr özü hər şeyi deyir. Ümumilikdə Kaxaber Tsxadadzenin yaxşı mütəxəssis olduğu hamımıza məlumdur. Karyerasının məşqçi kimi ən böyük uğurlarını elə Azərbaycanda, Bakının “İnter” klubu ilə qazanıb. “İnter” bizim Premyer Liqanın ən intizamlı və etibarlı müdafiəyə sahib komandası idi. Tsxadadze ilə birlikdə “İnter” çempionluq qazandı, avrokuboklarda iştirak etdi. Amma qitə səhnəsində böyük uğur qazanmaq, mərhələlər adlamaq mümkün olmadı. Elə “İnter”dən sonrakı iş yerlərində də Tsxadadzenin nəticələrini birmənalı uğurlu saymaq çətindir. Sanki hər dəfə nəsə çatmayıb. Bütün bunlar artıq keçmişdə qaldı. 58 yaşlı mütəxəssisə bundan sonrakı fəaliyyətində uğurlar arzulayaq, ən əsası canının sağ olmasını diləyək.

“Qəbələ” də tezliklə yeni baş məşqçi ilə bağlı qərarını verməlidir. Çünki zaman gözləmir, turlar bir-birini əvəz edir. İndi itirilən xalların yerini doldurmaq sonra çətin olacaq. Yeni gələn məşqçi də “bu komandanı mən formalaşdırmamışam, uğursuzluqlara cavabdeh deyiləm” desə, onda vay “Qəbələ”nin halına. Belə olan halda “qırmızı-qaralar” yenidən elitadakı yerini qorumaq üçün amansız mübarizə aparmalı, bəlkə də pley-off oynamalı olacaq. Qeyri-sabitlik, yeni gələcək məşqçinin vəziyyəti düzəltməsi qızldan qiymətli zaman aparacaq ki, bütün bunların mənfi təsiri turnir cədvəlindəki mövqeyə öz təsirini göstərəcək.

Sadaladığım mənfi təsirləri minimuma endirmək üçün “Qəbələ” məşqçi seçimində diqqətli olmalıdır. Ən əsası yeni məşqçi “Qəbələ”ni və Azərbaycan çempionatını tanıyan, futbolçuların potensialına bələd biri olmalıdır. Belədə yeni gələcək mütəxəssisin komanda və Premyer Liqa ilə tanışlığına uzun zaman tələb olmayacaq, vəziyyəti qısa müddətdə nəzarət altına almaq mümkün olacaq. Ümumiyyətlə, mən “Qəbələ” də daxil, qarşısında böyük hədəflər olmayan klubların xaricdən baş məşqçi gətirməsinə qarşıyam. Legioner futbolçu axınını başa düşdük, deyək ki, Azərbaycanda yaxşı futbolçu tapmaq çətindir. Bəs məşqçilərimizə nə gəlib? AFFA-nın hər il təşkil etdiyi məşqçi kursları fasiləsiz çalışır, bizim veteranlar orda oxuyub, kateqoriya alır. Onlara nə vaxt şans veriləcək? Digər tərəfdən də Tərlan Əhmədov, Arif Əsədov, Nazim Süleymanov kimi veteranlarımız da var ki, illərdir çağırış gözləyirlər. Onların işsiz, futboldan uzaqda qocalmasında hamımızın məsuliyyəti var.

Əcnəbi məşqçiləri əlcək kimi dəyişib, sonra da onları “istefa qatarı”na mindirən klublarımız bir az da yerlilərə işləmək fürsəti yaratsalar, heç də pis olmaz. Premyer Liqanın III turunda qələbə qazanan Rəşad Sadıqov, Azər Məmmədov məhz əcnəbiləri üstələyib. Onların kürəyini yerə vurduğu mütəxəssislər isə tanınmışlar Yuri Vernidubla Kurban Berdıyevdir. Deməli, yerlilərə də şans verməyə dəyər.

Amal Abuşov