Dünya 16:09 13.09.2023

Avrokomissiya Aİ-nin genişlənməsinə hazırlıq üçün addımlar atdığını açıqladı

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) siyasətinin yenidən nəzərdən keçirilməsinə başlayacaq və yeni üzvlərin gələcək üzvlüyü ilə əlaqədar Avropa İttifaqının necə fəaliyyət göstərməsi ilə bağlı öz ideyalarını təklif edəcək.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Avropa İttifaqının vəziyyəti haqqında” illik müraciətində bildirib.

Fon der Lyayen qeyd edib ki, Aİ genişlənməsində irəliləmək üçün Avropa İttifaqı Müqaviləsində dəyişiklikləri gözləməməlidir.

"Genişlənə bilən Birliyə daha tez nail olmaq olar. Bu, 30-dan çox ölkəni birləşdirən İttifaqın təcrübədə necə işləyəcəyi ilə bağlı praktiki suallara cavab vermək deməkdir", -  AK sədri deyib. 

Buna görə də fon der Lyayen komissiyanın genişlənmədən əvvəl hər bir sahənin daha böyük Aİ-yə necə uyğunlaşdırılmasının lazım ola biləcəyini görmək üçün bir sıra siyasət araşdırmaları üzərində işə başlayacağını söyləyib.

"Bizim institutlarımızın necə işləyəcəyi - parlament və komissiyanın necə olacağı barədə düşünməliyik. Büdcəmizin gələcəyini - nəyi maliyyələşdirdiyi, necə maliyyələşdirdiyi və necə maliyyələşəcəyi ilə bağlı müzakirə etməliyik. Və biz anlamalıyıq ki, çəkindirmənin hər zamankından daha çox əhəmiyyət kəsb etdiyi bir dünyada etibarlı təhlükəsizlik öhdəliklərini necə təmin etmək olar” - fon der Lyayen bildirib.

AK sədrinin sözlərinə görə, komissiya Belçikanın sədrliyi dövründə öz ideyalarını liderlərin müzakirəsinə çıxaracaq. Belçikanın Aİ Şurasına altı aylıq sədrliyi yanvarın 1-dən başlayır.

"Biz birliyimizin genişlənməsinin qitəmizin sülhü, təhlükəsizliyi və rifahına ən yaxşı sərmayə olduğuna inamı rəhbər tutacağıq", - deyə Avropa Komissiyasının sədri bildirib.  

Nizami Bağırov