Ukraynadakı müharibə və pilotsuz uçuş aparatlarının (PUA) istehsalında baş verən inqilab Avropada müdafiə texnologiyalarına marağı kəskin şəkildə artırıb.
Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, sahibkarlar və investorlar bu sahəyə sərmayə yatırmaq üçün bir-birilə yarışır.
"Archangel" adlı vençur fondunun baş tərəfdaşı Nikolas Nelsonun sözlərinə görə, o, təkcə bu il Avropa müdafiə texnologiyaları üzrə 1200 startapdan təklif alıb. "Keyfiyyət artır, amma say bundan daha sürətlə böyüyür”, deyə o bildirib.
"Dealroom" məlumatına əsasən, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından bəri Avropada 230-dan çox müdafiə texnologiyaları startapı yaradılıb, onlardan 52-si isə təkcə bu il təsis edilib. Vençur kapitalının bu sahəyə yönələn həcmi də artaraq 1,5 milyard dollara çatıb – bu, indiyədək ən fəal il hesab olunur.
Nelson bildirir ki, hazırda bazarda müdafiə texnologiyalarına maraq göstərən çoxlu investorlar peyda olub: "Bu gün müdafiəyə sərmayə qoyan bir çox insanlar iki il əvvəl kriptovalyuta, təsir yatırımı və ya iqlim texnologiyaları ilə məşğul idilər”.
O əlavə edib ki, bəziləri Ukrayna üçün dronların əhəmiyyətini eşidib startap qurmağa çalışır, yaxud kəşfiyyat üçün süni intellekt üzərində işləyir, lakin bazarı və ya xidmətlərin real tələbatını tam anlamırlar.
Startap "Helsing"in həmtəsisçisi və icraçı direktoru Torsten Reyl isə deyib ki, bir neçə il əvvəl Avropalı vençur investorları müdafiə sahəsini "arzuolunmaz” hesab edir, ondan uzaq durmağa çalışırdılar: "İndi isə hamı müdafiə ilə məşğul olmaq istəyir, amma intellektual səviyyə yenə eynidir".
Ekspertlər xəbərdarlıq edirlər ki, vəsaitlərin əsasən müəyyən istiqamətlərə axması hava hücumundan müdafiə kimi digər vacib sahələrdə maliyyə çatışmazlığı yarada bilər. FT qeyd edir ki, son dövrlərdə Rusiya dronlarının NATO hava məkanına daxil olması Avropa müdafiəsinin zəif cəhətlərini açıq şəkildə göstərib.
"Plural" şirkətinin tərəfdaşı və "Helsing"ə ilk sərmayə qoyan investor Xaled Xəliui isə bildirib: "Bəzi insanlar az gəlirliliklə üzləşəcək, amma bu normaldır – vençur kapital həmişə belə işləyib”.
Dron proqram təminatı hazırlayan "Auterion" startapının baş direktoru Lorents Mayer qeyd edib ki, son illərdə istehsal həcmi çox artıb. Şirkət fəaliyyətə başlayanda 100 dron sifarişi böyük sayılırdısa, indi ABŞ Müdafiə Nazirliyi ilə Ukraynaya 33 min "zərbə dəsti” göndərilməsi barədə müqavilə bağlanıb.
Eyni zamanda, maliyyə çatışmazlığı ilə üzləşən əsas regionlardan biri Ukraynadır. Estoniyalı sahibkar və "Darkstar" vençur şirkətinin qurucusu Raqnar Sass bildirib ki, müdafiə texnologiyaları üzrə ən güclü komandalar məhz Ukraynada fəaliyyət göstərir və onların innovasiya dövrləri çox sürətlə gedir.
Onun sözlərinə görə, Ukraynada bazar "şişirdilmiş” deyil, lakin daha çox maliyyəyə ehtiyac var. "Ən böyük döyüş təsiri yaradan şirkətlər Ukraynadadır, lakin onlar PR kampaniyası aparmır, sadəcə işləyirlər,” deyə Sass vurğulayıb.
Sahibkar əlavə edib ki, Avropada qərargahı olan şirkətlər üçün əsas çətinlik məhsulun demək olar ki, hər ay yeni versiyasını hazırlamaq zərurətidir. Bu səbəbdən əsas istehsal və inkişaf komandalarının Ukraynada yerləşməsi vacib sayılır.
"Bütün ciddi investorlar Ukraynada olmalıdır”, deyə Raqnar Sass bildirib.
Aydın
Şərhlər