Xəbər lenti

Rusiyadan enerji ehtiyatı alan ölkələrə 500 faiz tarif tətbiq olunacaq? - Ekspert
Dünya 19:20 14.10.2025

Rusiyadan enerji ehtiyatı alan ölkələrə 500 faiz tarif tətbiq olunacaq? - Ekspert

"Bu, populist hədə-qorxudur və arxasında heç nə dayanmır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev britaniyalı analitik Timoti Eşin ABŞ Konqresində müzakirəyə çıxarılacağı gözlənilən və Rusiyadan enerji ehtiyatı alan ölkəyə 500% tarif tətbiqini nəzərdə tutan aktla bağlı fikirlərini şərh edərkən deyib. 

Ekspert vurğulayıb ki, bu ritorika 8-9 aydır davam edir:

"Hesab etmirəm ki, yaxın zamanlarda Rusiyadan enerji ehtiyatı alan ölkələrə 500 faizlik tarif tətbiq olunsun".

Həmsöhbətimiz qeyd edib ki, mövcud şərtlərə görə, həmin tariflər Rusiyadan enerji alıb, Ukraynaya kömək etməyən ölkələrə tətbiq ediləcək:

"Məsələn, 500 faizlik tariflər Rusiyadan neft alıb, amma Ukraynaya hər hansısa bir yardım göstərməsə, Hindistana tətbiq olunacaq. Yəni elə bir şərait yaradırlar ki, Rusiyadan yanacaq alan ölkələr, ondan imtina etməkdə çətinlik çəkirlərsə, əvəzində Kiyevə də yardım göstərməyə meyllənsinlər".
 


Ekspertin fikrincə, sanksiyalara baxmayaraq, Rusiyanın neftdən gələn gəliri son bir ildə xeyli artıb: 

"Bu da onu göstərir ki, sanksiyalar Rusiyanın neft-qaz ticarətinə heç bir əngəl yarada bilməyib. Putin ölkə daxilində bütün resursları mobilizə edib. Müharibə belədə Rusiyanın iqtisadi güclənməsinə şərait yaradıb. Xaricə axan kapitalı daxili inkişafa yönəldib. Ona görə yaxınlarda hansısa yeni tendensiyanın başlaya biləcəyini gözləmirəm və Tramp buna getməyəcək".

Qeyd edək ki, Böyük Britaniyanın "Chatham House” analitik mərkəzinin Rusiya üzrə tədqiqatçısı Timoti Eş mətbuata açıqlamasında Rusiyaya qarşı mübarizədə daha ağıllı olmağı tövsiyyə edib. O, hesab edir ki, ABŞ Konqresində iki partiyanın dəstəyi ilə qəbul edilən, lakin hələ səsverməyə çıxarılmayan Rusiya Sanksiyaları Aktında təklif edilən Rusiyadan enerji alan istənilən ölkəyə 500% tarif tətbiqi ciddi tədbirlərdən biri olacaq: "Bu, Rusiya iqtisadiyyatını tamamilə məhv edəcək və Rusiya hərbi maşınının fəaliyyətini dayandıracaq".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->