Xəbər lenti

Avropada 100 şəhəri birləşdirəcək xüsusi kupelərlə təchiz olunmuş gecə qatarı (FOTO)
Dünya 21:15 13.06.2025

Avropada 100 şəhəri birləşdirəcək xüsusi kupelərlə təchiz olunmuş gecə qatarı (FOTO)

Almaniyanın "Nox" adlı startapı Avropa üzrə 100 şəhəri birləşdirəcək yeni gecə qatarları şəbəkəsinin yaradılacağını elan edib. Sərnişinlərə bir və ya iki nəfərlik fərdi yataq kupelərində səyahət imkanı təklif olunacaq. Layihənin ilk reysləri 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Qayanrinfo xəbər verir ki, şirkətin məlumatına görə, bu kupelərlə təchiz olunmuş yeni tipli vaqonlar, həm konfort, həm də əlçatan qiymətlərlə gecə qatarlarına marağı artırmağı hədəfləyir. Bildirilir ki, bu tip biletlərin qiyməti təyyarə reyslərindən baha olmayacaq.

"Nox"un təsisçilərindən biri olan Tibo Konstan bildirib: "İnsanların Avropada yuxuda ikən səyahət etməsi əla ideyadır. Lakin hazırda sərnişinlər kupeləri tanımadıqları şəxslərlə bölüşməli olur, çarpayılar dar olur və bəzən bu, aviareyslərdən də baha başa gəlir. Biz bu vəziyyəti dəyişmək istəyirik".

Konstanın şəxsi təcrübəsi – dünyanın müxtəlif yerlərində etdiyi 400-dən çox gecə qatarı səyahəti – yeni vaqonların dizaynına birbaşa təsir edib.

Qatar kupelərinin kateqoriyaları və imkanlar

Yeni qatarların kupeləri üç əsas kateqoriyaya bölünəcək:

* Bir nəfərlik "loft" – yuxarı yataq, oturacaq və masa;
* İki nəfərlik "loft" – iki nəfərlik yuxarı yataq, iki oturacaq və masa;
* İki nəfərlik kupelər – biri oturacağa çevrilə bilən iki ayrıca yataq.

Bütün kateqoriyalarda iki metrlik çarpayılar, sərbəst hərəkət etmək və baqaj yerləşdirmək üçün kifayət qədər yer olacaq. Bəzi kupelərdə panoramik mənzərəli pəncərələr də nəzərdə tutulub.

Şirkətin digər təsisçisi Yanek Smolla qeyd edib ki, yeni dizaynlar qatarlarda ənənəvi sistemlərlə müqayisədə daha çox sərnişin yerləşdirməyə imkan verir. Bu isə "standartlaşdırma və əməliyyat mükəmməlliyi" ilə birlikdə 35-dən çox Avropa marşrutunda daha əlverişli tariflər təklif etməyə şərait yaradacaq.



Planlaşdırılan marşrut və qiymətlər

Şəbəkə 2035-ci ilə qədər Paris, Barselona, Amsterdam, Kopenhagen, Varşava, Budapeşt və Roma kimi böyük şəhərləri əhatə edəcək. Məqsəd – bu xidmətin qısa məsafəli aviareyslərə rəqabətli alternativə çevrilməsidir.

Qiymətlərə gəlincə, bir nəfərlik kupelərin qiyməti 79 avrodan, iki nəfərlik kupelərin isə 149 avrodan başlayacaq. Qatarın daxilində yemək-içmək xidməti, velosiped və əlil arabası üçün yer də olacaq.

Səyahətə marağı olan şəxslər artıq "Nox"un rəsmi saytında planlaşdırılmış marşrutlar və qiymətlərlə tanış ola və "Early Bird" adlı pulsuz üzvlük klubuna qoşularaq yeniliklər, endirimlər və erkən rezervasiya imkanları əldə edə bilərlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->