Xəbər lenti

Ekonomiks 11:45 16.01.2026

"Azər-Türk Bank"ın mənfəəti iki dəfədən çox azalıb (TƏHLİL)

"Azər-Türk Bank” ASC 2025-ci ili 10,131 milyon manat xalis mənfəətlə başa vurub. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu, ötən ilin nəticəsi ilə müqayisədə 52,5% və ya iki dəfədən çox azalma deməkdir.

2025-ci ildə bankın ümumi gəlirləri 165,1 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 12,7% artım deməkdir. Gəlir artımına baxmayaraq, xərclər 25,2% artaraq 143,2 milyon manata çatıb və gəlirlilik göstəricisinə mənfi təsir göstərib.

Xüsusilə xüsusi ehtiyatlara ayırmaların 65,1% artaraq 8,3 milyon manata çatması kredit risklərinin artdığını göstərir. Bununla yanaşı, mənfəət vergisinin 39,8% azalaraq 3,49 milyon manata enməsi, mənfəət bazasının da daraldığını təsdiqləyir.

Bu göstəricilər bankın faiz və qeyri-faiz marjasının təzyiq altında olduğunu və əməliyyat rentabelliyinin zəiflədiyini göstərir.

Aktivlər artıb, lakin kredit portfeli kiçilib


2025-ci ilin əvvəlinə "Azər-Türk Bank”ın cəmi aktivləri 2 milyard 188,5 milyon manat təşkil edib ki, bu da illik 5%-lik artım deməkdir.

Lakin bankın xalis kredit portfeli 2,6% azalaraq 767,9 milyon manata düşüb. Bu azalma kreditləşmə həcminin daraldığını, yəni risklərin artması fonunda kredit siyasətinin daha konservativ həyata keçirildiyini göstərir.

Depozitlər artıb, resurs bazasında sabitlik qorunur


Bankın cəmi öhdəlikləri 4,7% artaraq 2 milyard 71,1 milyon manata çatıb. Bu artım əsasən depozit portfelindəki 6,5%-lik artım (1 milyard 554,2 milyon manat) hesabına baş verib.

Depozitlərdəki artım resurs bazasının hələlik stabil olduğunu göstərsə də, əvvəlki analizdə qeyd olunduğu kimi, depozitlər üzrə faiz xərclərinin artması resursların bahalaşması riskini ortaya qoyur.

Kapital artırılıb, lakin mənfəət ehtiyatı azalıb


2025-ci ilin sonuna bankın balans kapitalı 10% artaraq 117,4 milyon manata yüksəlib. Artım əsasən nizamnamə kapitalının iki dəfə artırılaraq 100,5 milyon manata çatdırılması ilə bağlıdır.

Lakin bölüşdürülməmiş mənfəətin azalması bankın kapital mövqeyinin əsasən texniki göstəricilərlə dəstəkləndiyini, əməliyyat mənfəətinin isə zəif qaldığını göstərir.

Bu dinamika kapital adekvatlığı baxımından ehtiyatlı yanaşma tələb edir, xüsusilə də aktivlər və risklər artdığı bir şəraitdə.

Ümumilikdə "Azər-Türk Bank” 2025-ci ili xalis mənfəətlə tamamlayıb, lakin mənfəətin iki dəfə azalması, xərclərin və ehtiyatların artması bankın gəlirliliyinə təzyiq göstərən əsas amillərdir.

Kredit portfelinin kiçilməsi, faiz marjasının daralması və əməliyyat rentabelliyinin zəifləməsi bu təzyiqləri daha da gücləndirir. Belə bir mühitdə kapitalın effektiv idarə olunması və resurs dəyərinin nəzarətdə saxlanması bankın əsas prioritetlərinə çevrilməlidir.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Dövlət Neft Şirkətinə (SOCAR), 24%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

İqtisadiyyat şöbəsi

--> -->