Xəbər lenti

İrəvan tək Moskvayla bacararmı?..
Hüseynbala Səlimov
Dünya 11:18 20.07.2026

İrəvan tək Moskvayla bacararmı?..

Dövlətlərin hansısa bölgədə maraqlarını lokallaşdırmağa çalışması anlaşılandır: heç kim siyasi xeyriyyəçiliklə məşğul olmur. Sadəcə, kimsə Donald Tramp kimi hər şeydə ilk növbədə maddi maraqları əsas götürür, digərləri isə siyasi-strateji amillərə üstünlük verirlər.

Bunları niyə deyirik? Müharibədən sonra Nikol Paşinyan özünü konstruktiv siyasətçi kimi göstərməyə çalışanda (bunu daha əvvəl edə bilməzdi, çünki həmin vaxt Qarabağdakı xunta hələ kifayət qədər güclü idi), bizimkilər əsasən onu məsxərəyə qoymaqla məşğul idilər.

Əslində bunu da başa düşmək olardı. İnsanlarımız ermənilərə haqlı olaraq qəzəbli idi. Amma siyasət daim yeni çağırışlar edir və yeni tələblər irəli sürür.

Getdikcə daha çox insan anlamağa başladı ki, Ermənistanla aparılan siyasətin davamı olmalıdır və bu proses başa çatdırılmalıdır. Nəticədə indi çoxları hesab edir ki, Nikol Paşinyanla nəinki işləmək olar, hətta işləmək lazımdır.

Amma burada da bəzi təhlilçilər arasında ziddiyyətli yanaşma hiss olunur. Bir tərəfdən hamı başa düşür ki, Ermənistanda hazırkı hakim partiyadan başqa konstruktiv siyasi qüvvə yoxdur, digər tərəfdən isə Paşinyanı qəbul etmir, hətta onun demokratik idarəçilik iddialarını lağa qoyurlar.

Əlbəttə, biz Nikol Paşinyanın vəkili deyilik və onun demokrat olub-olmaması erməni cəmiyyətinin öz problemidir. Hər halda, o, bir neçə seçki keçirib və onların heç biri ilə bağlı ciddi iradlar səsləndirilməyib. Son seçkilərdə də oxşar vəziyyət yarandı. Deyilirdi ki, guya müxalifət mandatlardan imtina edəcək, lakin bu baş vermədi. Konstitusiya Məhkəməsi qərarını verdi, müxalifət isə seçkilərin nəticələrini dəyişdirə biləcək ciddi fakt ortaya qoya bilmədi. Belə olan halda müxalifətin parlamentdə təxminən 40 mandatının olması da az göstərici deyil. Bu şəraitdə Gürcüstan ssenarisini təkrarlamağa ehtiyac varmı? Yalnız bəzi gürcü siyasətçiləri iddia edə bilərlər ki, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmalıdırlar. Halbuki demokratiya yalnız qalib gəlməyi deyil, məğlubiyyəti qəbul etməyi də tələb edir.

İndi bizdə də təhlilçilərin bir qismini dinləyəndə görürsən ki, onlar bir tərəfdən Rusiyanın regiondakı təsirinin zəifləməsini istəyirlər, digər tərəfdən isə Qərbin bölgədə fəallaşmasını arzulamırlar. Əvvəllər biz də yazmışdıq ki, ermənilər bir suala cavab verməlidirlər: onlar azadlıq istəyirlər, yoxsa sadəcə ağalarını dəyişmək?

Amma bir məsələ aydındır. Qərbin dəstəyi olmadan Rusiyanın regiondakı təsirini zəiflətmək çətin görünür. Ermənistan bu prosesi təkbaşına həyata keçirməyə çalışsa, ciddi risklərlə üzləşə bilər. Ermənistanın üstünlüyü ondadır ki, Rusiya ilə birbaşa sərhədi yoxdur. Digər tərəfdən, Ermənistanın Rusiyaya qarşı hərbi qarşıdurmaya nə resursu, nə də belə bir ictimai iradəsi var. Ölkə hazırda daxili siyasi sabitliyin bərpası ilə məşğuldur.

Üstəlik, Cənubi Qafqazda Rusiyadan ən çox uzaqlaşan ölkələrdən biri Azərbaycan olsa da, Moskva ilə münasibətləri tamamilə kənara qoymaq mümkün olmur. Bu yaxınlarda xarici işlər nazirlərinin məsləhətləşmələr planı imzalaması da bunu göstərir. Qonşuluq bəzən əlavə siyasi yük də yaradır.

Demək istədiyim budur ki, Qərbin iştirakı olmadan regionda ciddi geosiyasi dəyişikliklər etmək çətindir. Burada Qərb deyərkən daha çox ABŞ və Fransa nəzərdə tutulur. Çünki hər iki ölkədə böyük erməni diasporu yaşayır və bu amil həmin dövlətlərin daxili siyasətində müəyyən rol oynayır.

Burada narahatlıqdan daha çox müəyyən qısqanclıq hissi yarana bilər. Çünki Qərb bəzən Ermənistanı regionun əsas tərəfdaşlarından biri kimi təqdim etməyə çalışır.

Lakin reallıq bir qədər fərqlidir. Ermənistan regionun tranzit marşrutlarında mühüm rol oynaya bilər. Ancaq onun Gürcüstan kimi dənizə çıxışı yoxdur və Azərbaycan kimi Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşmir. Bununla belə, ermənilərin öz ölkələrinin rolunu yüksək qiymətləndirməsini normal qəbul etmək olar. Hər bir dövlət öz potensialını ön plana çıxarmağa çalışır.

Bu yanaşmaların başqa səbəbləri də var. Azərbaycanda bəzi siyasi çevrələr Qərbə ehtiyatla yanaşırlar.

Burada söhbət sıravi vətəndaşlardan deyil, bəzi siyasətçilərdən və deputatlardan gedir. Adi insanlar üçün Qərb və Avropa, əsasən, inkişaf, təhsil, texnologiya və iqtisadi imkanlarla assosiasiya olunur. Lakin siyasi dairələrin müəyyən hissəsi üçün Qərb əlavə nəzarət və tənqid mənbəyi kimi qəbul edilir. Bununla belə, Azərbaycan rəhbərliyi, o cümlədən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, regionda Rusiyadan başqa Türkiyə və daha geniş mənada türk dünyası da mühüm geosiyasi amildir. Bu baxımdan Azərbaycanın xarici siyasət istiqaməti ilə bağlı seçim imkanları kifayət qədər genişdir. Paşinyan komandasının Türkiyəyə münasibətində əvvəlki illərlə müqayisədə daha praqmatik yanaşma müşahidə olunur. Bundan əlavə, Gürcüstan nümunəsi də göstərir ki, Türkiyə ilə əməkdaşlıq region ölkələri üçün müxtəlif iqtisadi və siyasi imkanlar yarada bilər.

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->