Yaxın günlərin söhbətidir. Dayanacaqda mağmın-mağmın oturub avtobusu gözləyirdim – gəlmirdi ki, gəlmirdi. Böyrümdə bir boz pişik oturacaqda uzanıb mürgüləyir, hərdən də başını qaldırıb adamlara baxır və yəqin ki, ürəyində düşünürdü: insanlar niyə bu qədər axmaqdırlar?
Prinsipcə, haqlı idi. İnsanların axmaq olduğunu sübut etmək üçün bəlkə də yüz səbəb var. Biri də budur ki, bizdən çox özünü ağıllı göstərməyə çalışan yoxdur. Amma nə fayda? Digər canlılar daha çox instinktlərinə etibar edir və bu da onları pis vəziyyətdə qoymur. İnsanlara isə bir şeyi on dəfə deyirsən, təəssüf ki, nəticəsi olmur.
Bizim avtobusların pis işləməsinə gəldikdə isə, bundan indi hamı gileylənir. Proses "yeni sistem" tətbiq ediləndən başlayıb. "Yeni" sözünə də aydınlıq gətirim.
Deyilənə-yazılana görə, hətta Qazaxıstan bu sistemi çoxdan tətbiq edib və yaxud da edib qurtarıb, artıq yenisinə keçməyi düşünür.
Problem isə budur ki, avtobuslar çox ləngiyir, qrafik də demək olar ki, qalmayıb. Böyük gecikmələr var. Səbəb də təkcə yollardakı sıxlıq deyil. Avtobuslar dayanacaqlarda çox vaxt itirir.
Dayanacaqlarda yüz nəfər olsa belə, sürücülər təmkinlərini pozmadan sərnişinləri yalnız ön qapıdan bir-bir avtobusa buraxır və nəzarət edirlər ki, heç kim ödəniş etmədən minməsin.
Arxa qapılardan isə yalnız düşən sərnişinlər buraxılır. Üstəlik, bu sistem bütün marşrutlarda eyni qaydada tətbiq olunur, istisna yoxdur.
Bilirsiniz, liberal iqtisadiyyatın və liberalizmin banilərindən biri olan Adam Smit əmin idi ki, bazarın "gizli əli" hər şeyi tənzimləyəcək, rəqabət yaradacaq, bu isə hətta keyfiyyətə də müsbət təsir göstərəcək. Məhsullar bol, xidmətlər isə çeşidli olacaq.
Amma hər yerdə belə deyil. Hər yanda kapitalizm və ya bazar iqtisadiyyatı olsa da, nə bolluq var, nə də ucuzluq, hətta keyfiyyət də gözlənilən səviyyədə deyil.
Digər iqtisadçı Con Meynard Keyns isə ilk dəfə göstərmişdi ki, Smitin bazar mexanizmi gec-tez, ruslar demişkən, "sboy" verir və dövlətin müdaxiləsinə ehtiyac yaranır.
Amma bizdə problem başqadır. Yadıma gəlir, bir əcnəbi təəccüblə deyirdi ki, burada, məsələn, böyük supermarketlər böyrü-böyrünə yerləşir. O bildirirdi ki, bunlar arasında heç olmasa müəyyən məsafə olmalıdır ki, biri digərinin bazarını "vurmasın". Ən əsası isə budur ki, belə yaxınlıq nə qiymətlərdə, nə də xidmət keyfiyyətində özünü göstərir. Niyə belə olur?
Azərbaycanda bunu antiinhisarçılıq kimi yozurlar, amma əslində belə deyil. Təsəvvür edin, biri borca-xərcə düşüb bir market açır və dərhal imkanlı bir şəxs düz onun böyründə öz marketini tikir, əvvəlkinin bazarına daxil olur. Bunun hansı tərəfi antiinhisarçılıqdır? Bəlkə əksinədir?
Həm də böyük Adam Smit bir detalı nəzərdən qaçırırdı ki, hətta bazar iqtisadiyyatına "gizli sövdələşmə" praktikası da sirayət edə bilər. İş adamları, ən yaxşı halda, bir-biri ilə razılaşır və qiymətlərin aşağı düşməsinə imkan vermirlər. Bir daha deyirəm: yaxınlıqda dörd supermarket böyrü-böyrünə, üzbəüz yerləşir, amma bunun nə qiymətlərə, nə də xidmətə təsirini görərsiniz. Buna iqtisadçılar, deyəsən, "kartel razılaşması" deyirlər.
Hər il fermerlər gileylənirlər ki, məhsul zay olur, batıb gedir. Amma bunu şəhərdəki qiymətlərdə qətiyyən hiss etməzsiniz. İlboyu bazarda qiymətlər yüksək olaraq qalır.
Bəlkə də Adam Smitin bunun üçün də bir resepti olardı. Amma bizim məmurlar bunu ya tapa bilmirlər, ya da tapmaq istəmirlər. Güman ki, daha çox istəmirlər. Çünki dükan və bazarların da çoxu ya onların özünündür, ya da qohum-əqrəbalarınındır. Onlar da durub öz bazarlarını bağlamayacaqlar ki.
Hüseynbala Səlimov
Şərhlər