Xəbər lenti

Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal proseslərin fəal iştirakçısıdır
Elnarə AKİMOVA
Siyasət 12:50 14.10.2025

Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal proseslərin fəal iştirakçısıdır

ABŞ Prezidenti Donald Tramp və misirli həmkarı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində Azərbaycan lideri İlham Əliyev də iştirak edir.

Bu sammit təkcə Yaxın Şərq regionu üçün deyil, bütövlükdə dünya siyasəti üçün mühüm əhəmiyyət daşıyır. Çünki münaqişələrin, enerji təhlükəsizliyinin və beynəlxalq ticarətin qovuşduğu bu bölgə, qlobal sabitlik üçün açar rola malikdir. Məhz bu səbəbdən də sammitə Yaponiya, Kanada, Fransa, Almaniya kimi müxtəlif qitələrdən olan ölkələrin liderləri də dəvət ediliblər.

Yaxın Şərqdə bir çox dövlətlər qlobal iqtisadi proseslərdə, xüsusən də enerji və strateji məhsulların qiymətinə təsir edən əsas oyunçular sırasındadır. Bu regionun 5,2 trilyon dollar nominal və 13,2 trilyon dollar real ümumi daxili məhsula malik olması onun dünya iqtisadiyyatında artan rolunu göstərir.

Belə bir mötəbər tədbirdə Azərbaycanın dövlət başçısının iştirakı ölkəmizin beynəlxalq nüfuzunun artmasının açıq göstəricisidir.
 
Azərbaycan coğrafi baxımdan kiçik olsa da, İlham Əliyevin apardığı ardıcıl və balanslı siyasət nəticəsində bu gün beynəlxalq arenada böyük hörmətə malikdir.

Sammit çərçivəsində baş tutan görüşlər arasında Macarıstanın Baş naziri Viktor Orbanla görüş xüsusi diqqət çəkib. Görüş zamanı Orbanın İlham Əliyevə ehtiramla baş əyməsi sadəcə bir diplomatik jest deyil, həm də Azərbaycan Prezidentinə olan şəxsi hörmətin və iki ölkə arasındakı dostluğun simvoludur.

Viktor Orbanla İlham Əliyev arasında illərdir davam edən etimada əsaslanan münasibətlər həm siyasi, həm də iqtisadi sahələrdə uğurlu əməkdaşlıqlara yol açıb. Azərbaycan Avropa üçün mühüm enerji tərəfdaşı kimi tanınır və bu əlaqələr qarşılıqlı hörmət üzərində qurulub.

İlham Əliyevin Şarm əl-Şeyxdə iştirakı bir daha göstərdi ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal proseslərin fəal iştirakçısıdır. Prezidentin bu sammitdə iştirakı Azərbaycanın sülh, təhlükəsizlik və ədalət prinsiplərinə sadiqliyinin sübutudur.

Azərbaycan lideri dünya səhnəsində öz davranışı, diplomatik balansı və dövlət maraqlarını qoruma bacarığı ilə fərqlənir. Viktor Orbanın ona göstərdiyi ehtiram da, sammitə dəvət olunması da bu nüfuzun təsdiqidir.

Bu gün İlham Əliyevin timsalında kiçik, amma qətiyyətli bir dövlətin dünya siyasətində özünə necə hörmət qazandıgını aydın görmək olur.

Elnarə Akimova
Milli Məclisin deputatı, 
YAP İdarə Heyətinin üzvü, 
Filologiya elmləri doktoru

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->