Xəbər lenti

Paşinyan da belə uçdu
Murad KÖHNƏQALA
Siyasət 12:20 08.09.2025

Paşinyan da belə uçdu

Yadımızdadır, bir neçə il bundan əqdəm erməni separatçılarına qoşulan Paşinyan Şuşada yallı gedir, əlində çaxır stəkanı tutaraq rəqs edirdi. Lakin hayların baş naziri çox sürətlə başa salındı ki, "qədim erməni xalqı”, "böyük Ermənistan”, nə bilim, "erməni soyqırımı”, "Qarabağ ermənilərindi” kimi boşboğazlıqlar onlara heç bir xeyir gətirməyib.

Hazırda isə Azərbaycan və Ermənistan arasında baş tutan  hər bir qarşılıqlı addım böyük siyasi əhəmiyyət daşıyır.  Avqustun 30-da Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsinin Azərbaycan hava məkanından istifadəsi də bu addımlardan biri kimi qiymətləndirilə bilər. Belə ki, Paşinyanın xarici səfəri çərçivəsində istifadə olunan bu marşrut 30 ildən sonra ilk dəfə gerçəkləşib. Baş nazirin təyyarəsi sentyabrın 6-na keçən gecə eyni yolla da geri dönüb.

Bu barədə məlumatı Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan sevinmiş xəbər verib. O bildirib ki, Vaşinqtonda imzalanmış sülh bəyannaməsindən sonra İrəvan bu icazəni Azərbaycan tərəfinə rəsmi qaydada müraciət edərək alıb. Həmin sənədin imzalanması Azərbaycan və Ermənistan liderləri arasında yeni siyasi iradənin nümayişi hesab olunur. Bağdasaryan hadisəni "regionda kommunikasiya xətlərinin açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin formalaşması yolunda praktiki addım” kimi dəyərləndirib. 
Bəli, Azərbaycan diplomatiyası bu illər ərzində bir separatçı erməni xəyalpərəstini "döyə-döyə” bu günkü sülhsevər Paşinyan halına gətirib çıxara bilib.

Məlumdur ki, uzun illərdir Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanından istifadə edərək Naxçıvana uçuşlar həyata keçirir. Lakin Ermənistan tərəfinin Azərbaycan səmasından istifadəsi indiyədək mümkün olmayıb. Paşinyanın təyyarəsinin uçuşu bir ilk oldu və bu addımı tərəflər arasında siyasi dialoqun genişlənməsinə işarə kimi qəbul etmək olar.

Erməni baş nazirin Azərbaycanın hava məkanı üzərindən uçuşu regionda münasibətlərin tədricən normallaşmasının başlanğıc nümunəsi kimi dəyərləndirilə bilər. Beləliklə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivi getdikcə real görünür. Bundan sonra nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlığın bərpası, sərhədlərin dəqiqləşdirilməsi kimi məsələlərin də rahat həllinə ümid artır.

Digər məsələ isə ondan ibarətdir ki, region dövlətləri və beynəlxalq ictimaiyyət bu proseslərə böyük maraq göstərir. ABŞ, Avropa İttifaqı və digər qüvvələr Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasını strateji cəhətdən vacib hesab edirlər. Bu mənada, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın yaranması ən önəmli şərtlərdən biri sayılır.

Nikol Paşinyanın təyyarəsinin Azərbaycan səmasında görünməsi təkcə siyasi mesaj deyil, həm də simvolik məna daşıyır. Bu hadisə iki xalq arasında uzun illər davam edən düşmənçiliyin yumşalması, sülh prosesinin praktiki əməllə möhkəmləndirilməsi deməkdir.

Düşünürük ki, qarşı tərəf beləcə rasional addımlar atmağa davam edərsə, yaxın gələcəkdə Azərbaycan və Ermənistan münasibətlərində ciddi əməkdaşlıq mühiti formalaşacaq. Bu isə təkcə iki dövlət üçün deyil, bütün region üçün sülh və rifah deməkdi. Ümid edək ki, Netenyahunun "erməni soyqırımı” xalturasına etiraz edən Paşinyan və onun tərəfdarları bu günkü aqressiv Rusiyaya müqavimət göstərən Azərbaycanla da həmrəy olacaqlar. 

Murad Köhnəqala 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->