Xəbər lenti

Tramp Orbanı təriflədi və seçkilərdə qələbə qazanacağını dedi
Dünya 11:44 14.10.2025

Tramp Orbanı təriflədi və seçkilərdə qələbə qazanacağını dedi

ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanın partiyasının növbəti parlament seçkilərində yenidən qalib gələcəyini və əvvəlkindən də daha yaxşı nəticə göstərəcəyini proqnozlaşdırıb. 

Qaynarinfo xəbər verir ki, bunu Ağ Evin rəhbəri Misirin Şarm əl-Şeyx şəhərindəki çıxışı zamanı deyib.

"Viktor. Biz Viktoru sevirik... Sən fantastiksən. Bilirəm, bir çox insan mənimlə razı deyil, amma vacib olan tək adam mənəm”, – deyə Tramp Macarıstanın baş nazirinə müraciət edərək bildirib.

ABŞ Prezidenti xatırladıb ki, o, Orbanı son seçkilərdə də dəstəkləyib və həmin seçkilərdə Orban "28 faiz bənd fərqlə” qalib gəlib.

"Mən onu son seçkilərdə dəstəkləmişdim və o, 28 bənd fərqlə qalib gəlmişdi. İndi sənin yenə seçkin var. Bu dəfə daha yaxşı nəticə əldə edəcəksən. Biz bunu yüksək qiymətləndiririk və səni 100% dəstəkləyirik”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, Macarıstanda növbəti parlament seçkilərinin 2026-cı ilin yazında keçirilməsi planlaşdırılır. UNIAN yazır ki, Orban ölkədə müxalifət qüvvələrinin populyarlığının əhəmiyyətli dərəcədə artması səbəbindən hakimiyyəti itirmək riski ilə üzləşə bilər.

2025-ci ilin yayında aparılmış sorğulara görə, Macarıstanın müxalifət partiyası "Tisa” təkcə hakim "Fides” partiyasını geridə qoymayıb, həm də onu təxminən 15% fərqlə üstələyib. Belə ki, sorğu nəticələrinə əsasən, seçicilərin 51%-i "Tisa”ya, 36%-i isə "Fides”ə səs verməyə hazır olduğunu bildirib. Mart ayında eyni tədqiqat qrupu "Tisa”nın üstünlüyünü 9% səviyyəsində qeydə almışdı.

"Tisa” partiyası nisbətən yeni siyasi qüvvədir və onu əvvəllər Orban hökumətində çalışmış təcrübəli siyasətçi Peter Madçar (Péter Magyar) idarə edir. Partiyanın siyasi təbliğatında əsas diqqət səhiyyə və təhsil məsələlərinə yönəlib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->