XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda 60 yaşdan yuxarı insanlar niyə boşanır?
Ölkə12:20 10.08.2026

Azərbaycanda 60 yaşdan yuxarı insanlar niyə boşanır?

Azərbaycanda 60 və daha yuxarı yaşda insanların boşanması ilə bağlı göstəricilər son illərdə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə 60 yaşdan yuxarı 838 kişi boşanıb. Müqayisə üçün, 2021-ci ildə bu yaş qrupunda boşanan kişilərin sayı 563 nəfər olub. 2022-ci ildə göstərici 528, 2023-cü ildə 693, 2024-cü ildə isə 761 nəfər təşkil edib.

Beləliklə, 2021-ci illə müqayisədə 2025-ci ildə 60 və daha yuxarı yaşda boşanan kişilərin sayı 275 nəfər və ya 48,8 faiz artıb.

Bəs insanları 60 yaşdan sonra boşanmağa vadar edən səbəblər nələrdir? Yaşlı nəsildə ailə münasibətlərinə yanaşma dəyişir, yoxsa müasir həyat tərzi insanları daha gec yaşlarda belə yeni münasibətlər axtarmağa sövq edir?

Sosioloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında 60 yaşdan sonra boşanmaların artıq təəccüblü hal olmadığını bildirib. Onun sözlərinə görə, müasir insanın həyata baxışı və həyat ritmi əvvəlki nəsillərdən ciddi şəkildə fərqlənir:

"Müasir insanın həyat ahəngi dəyişib. Bu gün 60 yaşında olan insan 50 il əvvəlki 30 yaşlı insan kimi həyata baxa bilir. İnsanlar sanki gəncləşib, həyata maraqları və həyat eşqləri artıb. Belə bir tendensiya formalaşır. Bəzi ölkələrdə hətta gənclik anlayışının yaş sərhədləri əvvəlki ilə müqayisədə daha yuxarı çəkilir. İnformasiya axınının geniş olduğu müasir dünyada 60 yaşlı insanların da həyata münasibəti dəyişir. Onlar yeni tanışlıqlar qurmaq, həyatlarında yeni səhifə açmaq istəyirlər".

Sosioloq hesab edir ki, boşanmanın hüquqi baxımdan əvvəlki dövrlərlə müqayisədə daha əlçatan olması da bu prosesə təsir edən amillərdəndir:

"Bu gün boşanma hüquqi baxımdan daha asandır. Ona görə də 60 yaşında insanlar da ayrılmaq qərarı verə bilirlər. Cəmiyyətdə dözümsüzlük artıb və bu tendensiya yaşlı insanlara da sirayət edir. Müasir sosioloqlar hesab edirlər ki, insanın qarşısında seçimlərin çoxalması onun qərarvermə davranışına da təsir göstərir".

Mail Yaqubun fikrincə, alternativlərin çoxalması insanları mövcud münasibətləri qorumaqdansa, yeni həyat qurmağa sövq edə bilər:

"İnsan düşünür ki, 60 yaşında da başqa variantlar var. Buna görə də belə hallara artıq təəccüblənmək lazım deyil. Ancaq cəmiyyət olaraq ailələrin dağılmasının qarşısını almaq üçün bütün imkanlardan istifadə etməliyik".

Sosioloq hesab edir ki, ailələrin dağılması yalnız fərdi məsələ deyil, sosial nəticələri də olan prosesdir:

"Ailənin dağılması nə dövlət, nə də cəmiyyət üçün faydalıdır. Əksinə, bunun sosial baxımdan mənfi nəticələri var".

Bahar Rüstəmli