Ekonomiks 17:41 23.02.2023

Azərbaycanda bazarında brend məhsul problemi: Saxta məhsullar ölkəyə necə daxil olur?

"Bu gün Azərbaycana saxta parfumeriyalar, sənaye məhsulları, dərman vasitələri gətirilir və onlar mağazalarda brend məhsul kimi satılır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qlobal brendlərin Azərbaycanda rəsmi nümayəndəliklərinin olmamasından və bu məsələdə problemin həlli yollarından danışarkən deyib. Sədr bildirib ki, bu böyük problemin həlli və səbəbini qanunlarda axtarmaq lazımdır:



"İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra qanunda 6 dəfə dəyişiklik aparılıb, onlar da istehsalçıların zərərinə. Mən hələ ötən ilin sonlarında İqtisadiyyat Nazirliyində, Milli Məclisdə, Ombudsman Aparatında qanunun dəyişdirilməsini, özü də praktik cəhətdən bizdə olan məlumatlar, təkliflər əsasında dəyişdirlməsini xahiş etmişəm. Hər birində də həmin qurumlar "hə” deyiblər, ancaq heç bir kəs bunun ardınca getməyib. Güman edirəm ki, gizli dəyişikllik edəcəklər, heç bir ictimai müzakirədən keçirmədən cəmiyyətə təqdim olunacaq".

Eyyub Hüseynov bu sahədə şikayətlərin "yağış kimi yağdığını" vurğulayıb:
 
"Təəssüflər olsun belə məsələlər var. Hökumət biznes qurumları üçün son dərəcə rahat bir şərait yaradıb - toxunulmazlıq şəraiti. Heç kəs onları yoxlaya bilməz, müdaxilə edə bilməz. Əslində, mən bunun tərafdarıyam. Çünkü yoxlama zamanı onlara rüşvət vermək lazım gəlir, bu da istehlakçının cibindən çıxar. Lakin biznes qurumları hökümətin onlar üçün yaratdığı şəraitin sosial məsuliyyətini dərk etməlidirlər. Təəsüflər olsun ki, bu məsələlər yox dərəcəsindədir”. 

Sədr qeyd edib ki, bu gün ən brend mağazalarda saxta sənaye malı, ayaqqabılar və s. tapmaq olar: 

"Hökumətin bu siyasəti qaneedici olmadığından istehlakçılar üçüb qaynar xətt və s. yoxdur. Hər gün bununla bağlı şikayətlər gəlir.Bu gün Azərbaycana saxta parfumeriyalar gətirilir və onlar mağazalarda brend məhsul kimi satılır. Həmin parfumeriyaların heç birinin əlaqə telefonları yoxdur. İstehlakçılar müəyyən saytlara daxil olanda həmin parfumeriyaların mənbəyinin bəlli olmadığını görürlər”. 

Eyyub Hüseynovun sözlərinə görə, bu dəhşətli problem eyni zamanda dərman vasitələrində də yaşanır:
 
"Dərman qutularına qoyulan texniki pasportları Azərbaycan dilində deyil. İçlikləri Azərbaycan dilində olmayan dərmanların əksəriyyəti saxtadır və yoxlamadan keçməyib. O cümlədən bu dərmanlar onlayın vasitəsi ilə satılır. Çox təəssüf ki, bu problemlər yaşanır. İstehlakçılardan 195 telefon xəttinə, İqtisadiyyat Nazirliyinə məlumat vermələrini tövsiyyə edirəm”. 

Professor Adil Qeybulla isə hesab edir ki, bütün dünyada qeydiyyatdan keçən və brend məhsul kimi tanınan geyimlər, parfumeriyalar, dərmanlar, bioloji aktiv maddələr, gigiyenik vasitələr və s. həmin markalar öz məhsullarının keyfiyyətinə cavabdehdirlər:
 

 
"Brend məhsulların üstünlüyü ondan ibarətdir ki, bunlar insan orqanizminə zərərləri ilə bağlı xüsusi testlərdən keçirlər. Həm dermotoloji, həm orqanizmə təsir baxımından... Ona görə də, bu məhsulların qiyməti baha olur. Digər tərəfdən, onlar daha düzgün təmizlənirlər. Həmin brendlərdə lazım olan maddələrin də miqdarı daha adekvat şəkilində olur. Bir də bunlarin içərisində saxlama imkanları verən əlavələr olur. Əgər brend saxtalaşdırılırsa, orada artıq başqa şeydən söhbət gedə bilməz”. 

Ekspert bunun hüququ məsuliyyət yaradan məsələ olduğunu vurğulayıb: 

"Çox təəssüflər olsun ki, bu Çində başlayıb. Dünyada əksər brend məhsulların saxtalarını yaratmaq tendensiyası baş alıb getdi. Bizim də ölkə bundan sığortalanmayıb. Brend adı altında müxtəlif malların Azərbaycana gətirilməsi mümkündür. Saxta mallar bütün ölkələrə gətirilir. Bu  baxımdan, diqqətli olmaq lazımdır. Bununla bağlı həmin brendi Azərbaycana gətirən, onların burada satışını təşkil şirkət rəhbərləri bir başa məsuliyyət daşıyır”. 

Bahar Rüstəmli