Xəbər lenti

Ekonomiks 16:36 23.07.2025

"Azərbaycanın xarici ticarət saldosu bu il aşağı düşə bilər" - Ekspert

"Hesab edirəm ki, bu ilin sonunda Azərbaycanın xarici ticarət dövriyyəsində mənfi saldo izləniləcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli cari ilin I rübündə Azərbaycanın xarici ticarət dövriyyəsinin keçən ilin anoloji dövrü ilə müqayisədə 3 dəfəyə qədər azalmasını şərh edərkən deyib. 

Ekspertin fikrincə, belə vəziyyətin yaranmasının səbəbi neft hasilatı və ixracının azalması ilə bağlıdır: 

"Artıq ikinci ildir ki, Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun azalması prosesi gedir. 2023-ci ildə ticarət dövriyyəsində müsbət saldo 15 milyard dollar olub. Cari ilin birinci rübündə isə Azərbaycan ixraca nisbətən daha çox idxal edib. Bunun da əsas səbəbi neft hasilatı və ixracının azalmasıdır. İldən-ilə Azərbaycanın neft ixracı azalır. Qaz ixracatımız artsa da, bu sahə neft ixracının azalması nəticəsində itirilən dövriyyəni kompensasiya edə bilmir".
 


İqtisadçı qeyd edir ki, qeyri-neft sektoru da hələlik neft ixracatıın azalmasından itirilən dövriyyəni kompensasiya edə bilmir:

"Neft bumu dönəmində Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsi hədəfi öz həllini tapmadı. Məlum səbəblərdən ölkəmizdə neft ixracatıın azalmasından itirilən dövriyyənin qeyri-neft sektorunun ixracatı hesabına kompensasiya edilməsinə nail ola bilmədik. Hesab edirəm ki, bu ilin sonunda Azərbaycanın xarici ticarət dövriyyəsində mənfi saldo izləniləcək".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə bu ilin I yarısında Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 faiz çoxdur. 

Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 faiz azalıb, idxal isə 29,9 faiz artıb. Son nəticədə xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->