Xəbər lenti

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda fermer və sahibkarlarla görüşdü (FOTO)
Ölkə 20:17 29.07.2025

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda fermer və sahibkarlarla görüşdü (FOTO)

"Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən keçirilən belə tədbirlərdən biri Ağdamda baş tutub.
Ağdam rayon Heydər Əliyev Mərkəzində təşkil olunan görüşə 30-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə "Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zülfi Ağayev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirak edib.

Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.

Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.

Görüş zamanı "Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin təşkil etdiyi "Sabaha yaşıl işıq” kursları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında tədris kursları fəaliyyət göstərir. Burada dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirilir. Bir ay müddətində kursları uğurla başa vuran müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim olunur.  
"Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Fermer və sahibkarların fikirləri, təklifləri, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->