ABŞ-ın Los-Anceles şəhərində bu ilin yanvar ayında baş verən meşə yanğınları sığorta şirkətləri üçün tarixi rekord zərərlə nəticələnib.
Qaynarinfo xəbər verir ki, "Bloomberg" agentliyinin "Munich Re" sığorta şirkətinə istinadən verdiyi məlumata görə, bu zərərlər hətta 2011-ci ildə Yaponiyanın Fukuşima şəhərindəki zəlzələ və sunami nəticəsində yaranan fəlakətin sığorta itkilərini də üstələyib.
Məlumatda deyilir: "2025-ci ilin ilk yarısında dünya üzrə təbii fəlakətlər ümumilikdə 80 milyard dollar sığorta zərərinə səbəb olub. Bu vəsaitin yarısı yalnız Los-Anceles və ətrafında baş vermiş yanğınlarla bağlıdır"
7 yanvar tarixində şəhərin qərb hissəsində güclü küləklərlə sürətlənən genişmiqyaslı meşə yanğınları başlayıb. Alovun təsir dairəsi 11 min hektardan çox ərazini əhatə edib. Mütəxəssislər bu yanğınları Kaliforniya ştatı tarixinin ən dağıdıcı hadisələri sırasında qiymətləndirirlər.
Hadisədən sonra o vaxtkı ABŞ prezidenti Co Bayden bölgədə fövqəladə vəziyyət rejimi elan edib. İlkin hesablamalara görə, meşə yanğınlarının vurduğu maddi zərər 135–150 milyard dollar arasında dəyişə bilər.
Bundan əlavə, 14 fevralda Los-Anceles dairəsində təbiət fəlakətləri davam edib. Bu dəfə güclü yağışlar nəticəsində sel və torpaq sürüşmələri baş verib. Ekstremal hava şəraiti fəlakətin miqyasını daha da artırıb.
Aydın
Şərhlər