Ali Məhkəmə dələduzluqda ittiham olunan Astara rayon sakini, 1984-cü il təvəllüdlü Valeh Tağıyevin cinayət işinə baxıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, ümumilikdə 6 nəfərə qarşı 200 min manatlıq dələduzluq etməkdə təqsirli bilinib.
İttihama görə, Valeh Tağıyev iş üzrə adı keçən şahidə özünü yüksək vəzifəli şəxslərlə yaxın əlaqəsi olan adam kimi təqdim edib və onun Şəmkir rayonu ərazisində almaq istədiyi "Günəş” Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinə məxsus 1,5 hektar torpaq sahəsinin özəlləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin rəhbər şəxslərinə özü vasitəsi ilə 40 000 manat rüşvət verilməsinin zəruri olduğunu bildirib. O, belə yalan vədlərlə 24 sentyabr 2014-cü ildə 10 min, 6 aprel 2015-ci ildə 30 min manatı mənimsəyib.
Digər bir şəxsə isə o özünü iş adamı kimi təqdim edib. Xətai rayonu ərazisində 1.000.000 manat dəyərində obyektin satıldığını, lakin sənədləşmə üçün pul lazım olduğunu, pul alacağı təqdirdə sənədləşmə işlərini müsbət həll edəcəyini və obyektin bir hissəsini ona verərək birlikdə işləyəcəklərini bildirib. Xətai Rayon İcra hakimiyyətinin və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə 64.500 manat pul vəsaitinin rüşvət verilməsinin zəruri olduğunu bildirib və yalan vəd verməklə həmin məbləği adı şahid kimi keçən şəxsdən alıb.
Bundan əlavə, Valeh Tağıyev özünü vəzifəli şəxslərə yaxın adam kimi təqdim edərək, bir nəfərin qardaşını Təhsil Nazirliyinə şöbə müdiri vəzifəsinə işə düzəldilməsi üçün guya nazirliyin rəhbər vəzifəli şəxslərinə ötürmək üçün 100.000 manat alıb.
Daha sonra o, Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 228.1 və 315.1-ci maddələri istintaqı aparılan Eldar Novruzovun azad edilməsi üçün prokurorluğun rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi 32 000 manat rüşvət verilməsinin zəruri olduğunu bildirib, yalan vəd verib və onun qohumlarından həmin pulu dələduzluq yolu ilə mənimsəyib.
İstintaq sənədlərinə görə, Valeh Tağıyev daha bir nəfərin Bakı şəhəri 6 nömrəli Birləşmiş Şəhər və ya Abşeron rayon Mərkəzi Xəstəxanalarından birinə baş həkim vəzifəsinə təyin edilməsi üçün ondan 45.200 manat alıb.
"Mən şəkər xəstəsiyəm”
İstintaq orqanı tərəfindən Valeh Tağıyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4,312.2-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh Tağıyev özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2021-ci ilin iyun ayının əvvəllərində tanışı vasitəsi ilə Yasamal rayonu 19 nömrəli poliklinikanın yanındakı kafedə Əhmədlə tanış olub: "Mən şəkər xəstəsiyəm, müalicəmlə əlaqədar tanış həkim soruşdum. Tanışlarımdan biri bu məqsədlə Əhməd adlı bir nəfəri kafeyə dəvət etdi. Kafedə onlar Əhmədlə söhbət etdilər, o, müalicəm üçün dərmanlar yazdı. Mən də həmin dərmanları alaraq qəbul etdim. Beləcə bir müddət sonra Əhmədlə söhbət zamanı o dedi ki, biznes fəaliyyəti ilə məşğul olmaq istəyir. Bildirdi ki, tanışının işlədiyi müəssisələrin birində inventar ehtiyatından silinən lazer aparatını almaq istəyir və həmin lazer aparatlarına bu gün cəmiyyətdə tələbat var. Mən də Əhmədlə birgə lazer epilyasiya aparatını aldım və birlikdə işlədərək pul qazancı əldə etmək barədə razılaşdıq. Onun sözlərinə görə, iki ədəd lazer epilyasiya aparatını klinikanın inventarından silinməsi və hər iki aparatı almaq üçün Əhmədə 45.000 manat verməliydim, qalan məbləği isə Əhməd özü şəxsi hesabından verəcəkdi. Beləcə, Əhmədlə razılaşdım”.
"Barəmdə şikayət etdi”
Valehin ifadəsinə görə, 2021-ci ilin iyun ayının ortalarında Yasamal rayonunda yerləşən 19 nömrəli poliklinikanın arxasındakı kafedə Əhmədlə görüşüb və lazer epilyasiya aparatlarını alması üçün ona 45.000 manat pul verib: "Bundan bir müddət keçdi. Əhmədlə görüşərək danışan zaman dedi ki, Siyəzən rayon diaqnostika mərkəzinə yeni işə düzələn şəxs təhvil-təslim zamanı sənədləşmələri oxumadan imzalayıb. Guya həmin xəstəxanada pul yeyintisi şübhəsi ilə orada korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən yoxlamalar gedib. Buna görə də Əhməd ona verdiyim 45.000 manat pulu lazer epilyasiya aparatının alqı-satqısına deyil, həmin problemin həll edilməsi istiqamətində mənimsədiyi pul vəsaitinin yerinə qoyub. Bir müddət sonra Əhmədlə bir neçə dəfə görüşdüm, söhbətləşdim və ondan görəcəyim işin nə yerdə qaldığını, yəni lazer aparatı alıb-almadığını soruşdum. Əhməd dedi ki, həkimlə bu barədə danışıb, lazer epilyasiya aparatlarının inventar hesabdan silinməsini gözləyir. 2021-ci ilin dekabrın təxminən 13-də zərərçəkmiş şəxs mənimlə telefon danışığı zamanı pulunu nə vaxt qaytaracağını soruşdu. Mən də Əhmədə əslində onun borclu olduğunu, lazer epilyasiya aparatları alması üçün ona 45.000 manat pul verdiyimi xatırlatdım və pulunu qaytarmasını tələb etdim. Bundan sonra zərərçəkmiş şəxs barəmdə polisə şikayət etdi”.
"1 milyon manata satmaq istədiklərini bildirdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, Oruc və onun həyat yoldaşı Tamaranı təxminən 2013-cü ilin əvvəllərindən tanıyır: "Həmin vaxtlarda Biləcəri qəsəbəsində yaşayan Şəhla adlı bir xanimla qeyri-rəsmi yaşamışam. Şəhlanin evində olduğum vaxt Oruc və Tamara ora qonaq gəldilər. Söhbət zamanı məlum oldu ki, Şəhlanın anası onlardan biri ilə bir yerdə işləyib, ailəvi münasibətləri var. Şəhlanın evində olduğum təxminən 1-2 saat ərzində Oruc və Tamara ilə söhbət etdim. Söhbət zamanı onlar mənim telefon nömrəmi götürdülər, həmçinin mən onların telefon nömrələrini götürdüm. Söhbət əsnasında Oruc və Tamara özləri barədə danışdılar. Məlum oldu ki, Tamara Ədliyyə Nazirliyində işləyir. Onlarla Şəhlanın evindəki görüşümüzdən təxminən bir həftə sonra Tamara zəng etdi və məni Novxanıda yerləşən bağ evlərinə qonaq dəvət etdi. Dəqiq vaxtını xatırlamasam da, 2013-cü ilin yay ayları idi. Mən saat təxminən 11-12 radələrində onların yaşadıqları evə getdim. Onlar təcili pul lazım olduğu üçün Orucun təsis etdiyi "Günəş” Beynəlxalq uşaq sağlamlıq mərkəzini 1.000.000 manata satmaq istədiklərini bildirdilər və dedilər ki, bu mərkəzin inzibati binasi Xətai rayonu ərazisində olsa da, Sumqayıtda və digər rayonlarda ona aid torpaq sahələri var. Təxminən 10-15 gün sonra Tamara zəng edərək məni yenə Novxanıya evlərinə dəvət etdi. Orada olan zaman yenə də sağlamlıq mərkəzi barədə söhbət etdik. Onlara sağlamlıq mərkəzinə baxdıqdan sonra fikrimi deyəcəyimi bildirdim”.
"300 qram qızıl da vermişəm”
Valeh bildirib ki, daha sonra dəqiq tarixini xatırlamadığı bir gün Orucla Xətai rayonu ərazisində yerləşən həmin mərkəzin inzibati binasına baxmağa gediblər: "Təxminən 25-30 ikimərtəbəli binalarin bir qismində məcburi köçkünlər yaşasa da, qalanları istifadəsiz idi. Bundan başqa mərkəzin Sumqayıtdakı ərazisinə də baxdıq. Daha sonra Neftçala və Sabirabad rayonlarında yerləşən torpaq sahələrinə baxdım. Mərkəzi almaq qərarına gəldim. Ancaq məlum oldu ki, ora Orucun adına yalnız mərkəz kimi sənədləşdirildiyi üçün - yəni məhdud məsuliyyətli cəmiyyət olmadığı üçün alqı-satqı etmək mümkün deyil. Tamaraya mərkəzin pulunu, yəni istədikləri 1 milyon manatı tam şəkildə verə bilməyəcəyimi, həmin pulu hissə-hissə ödəyəcəyəmi dedim. Onlar da mənimlə razılaşdılar. Odur ki, aramızda olan şifahi razılaşmaya əsasən, 2015-ci ilin may ayının 29-da şəxsi avtomobilimlə Novxanıya Tamaragilin yaşadıqları evə getdim, 300.000 manat pulu onun həyat yoldaşı Orucun yanında Tamaraya verdim. Tamara pulu götürdükdən sonra 2015-ci ilin may ayının 30-da ona etibarnamə verməsi üçün Yaşamal rayonu 19 saylı notariat kontorunda görüşəcəyimizə dair razılaşdıq. Tamara və Orucla aramızda razılaşdıq ki, mərkəzin alqı-satqısı üçün tələb olunan 1.000.000 manatın hamısını verəndən sonra mənə uzunmüddətli etibarnamə veriləcək. Mənə 300 min manatın qarşılığında bir aylıq etibarnamə verdilər. Bunun üçün 2015-ci ilin mayın 30-da, saat təxminən 10 radələrində 19 saylı notariat kontorunda görüşdük, orada Orucun adından mənə 1 ay müddətinə etibarnamə verildi. Bundan təxminən bir ay sonra, yəni 2015-ci ilin iyul ayının 2-də yenə də 300.000 manat Tamaragilin Novxanıdakı evlərində ona verdim. Əvvəlki kimi razılaşdılar ki, növbəti günü notariat kontorunda görüşək. İyulun 3-də səhər saatlarında 19 saylı notariat kontorunda Tamara və Orucla görüşdük. Oruc ikinci etibarnaməni mənə bir il müddətinə verdi. Bir il müddət ərzində pulun qalan hissəsinin verilməsinə razılaşdıq. Bundan təxminən bir il üç ay sonra, yəni 2016-ci ilin oktyabr ayının 9-da 380.000 manatı götürərək Tamaranın Yaşamal rayonu ərazisində, Vergilər nazirliyinin arxasında yerləşən evinə getdim. Mən pulu verməyə gedəndə Tamara evdə tək idi. Həmin vaxt oraya sürücüm Asiflə birlikdə getdim. Tamara evdə məni qarşıladı, 380000 manat pulu ona verdim. Əlavə olaraq, orada Tamaraya 20.000 manat pulun əvəzində 300 qram qızıl da vermişəm. 2016-ci ilin oktyabr ayının 10-da, saat təxminən 10-11 radələrində Tamara və Orucla 19 saylı notariat kontorunda görüşdük. Onlar mərkəzin əsas sənədini, yəni Xətai rayonu ərazisində yerləşən əsas binanin sənədlərini mənə verdilər”.
"Fıkirləşdim ki, hədə-qorxu gəlirlər”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2016-ci ilin sonlarında Tamara ilə Oruc ona zəng edib və bildiriblər ki, pulun qalanını da onlara verim, yəni onlar həmin yeri 1.500.000 manata almaq istəyənlərin olduğunu bildiririb, həmin pulun qalanını manatini ondan tələb etməyə başlayıblar: "Mənə dedilər ki, ya onların istədiyi məbləği verməliyəm, əks təqdirdə etibarnaməni ləğv etdirəcəklər. Onların dediklərinə inanmadım. Fıkirləşdim ki, sadəcə hədə-qorxu gəlirlər. 2017-ci ilin mart ayında mənə məlum oldu ki, onlar verdikləri etibarnaməni həqiqətən ləğv etdiriblər. Bundan sonra onlardan pulumu tələb etsəm də, onlar pula qaytarmadılar”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Valeh Tağıyev 6 il 8 ay 12 gün müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəşisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Valeh Tağıyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin zərərçəkmiş-mülki iddiaçılar tərəfindən də apellyasiya şikayəti verilib. Onlar təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını xahiş edilər.
Bakı Apellyasya Məhkəməsinin qərarı ilə həm zərərçəkmiş şəxsin, həm də təsirləndirilən şəxsin müdafiəçisinin şikayətləri təmin olunmayıb.
Lakin birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə olan hissə hökmdən xaric edilib. Valeh Tağıyevin cəzası 5 il 2 ay 12 gün müddətinə endirilib.
Valeh Tağıyevin müdafiəçiləri daha sonra Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər heyətinə məktub ünvanlayan təqsirləndirilən şəxs kasasiya şikayətini geri götürdüyünü qeyd edib.
Hakim heyəti onun istəyini nəzərə alıb və kasasiya şikayətinin baxılması baxışdan çıxarılıb və geri qaytarılıb.
Şərhlər