Bu gün Milli Məclis "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini müzakirə edib. Müzakirələr zamanı deputat Zahid Oruc elektrikvə qaz limitinin 3 dəfəyədək azaldılması ilə bağlı təkliflə çıxış edib.
Deputat bildirib ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir.
Zahid Oruc vurğulayıb ki, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali üçün diferensial tarifləri tətbiq etməyin əsası var:
"Belə olarsa, hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artıqdca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".
Millət vəkili çıxışında bildirib ki, elektrik və qaz limitinin 3 dəfəyədək azaldılması iş üçün Bakıya sığınan kənd sakinlərini öz torpaqlarına qaytara bilər.
Sosioloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında Zahid Orucun təklifinin müsbət xarakterli olduğunu bildirib:
"Amma rayonlardan Bakıya gəlmək üçün təkcə bu tədbirlər kifayət eləmir. Bakıya köçün qarşısını almaq üçün orada iş yerlərinin yaradılması mütləqdir".
Mail Yaqub bildirib ki, iş yerlərinin açılması üçün bölgələrdə sahibkarlara şərait yaradılmalıdır:
"Sahibkarlara düşmən gözü ilə baxılmamalıdır. Yerli icra hakimiyyətləri sahibkarları incitməməlidir, onlara mane olmamalıdır. Əsas məsələ budur. Əgər bu problem həllini tapsa, Zahid Orucun təklifi kəndən şəhərə köçün qarşısını ala bilər".
Bahar Rüstəmli
Şərhlər