Xəbər lenti

Bazar və marketlərdə satılan texniki kartofdur? - Ekspertdən açıqlama
Ölkə 14:18 17.01.2026

Bazar və marketlərdə satılan texniki kartofdur? - Ekspertdən açıqlama

Bu günlərdə sosial şəbəkələrdə bazar və marketlərdə heyvanlar üçün yem istehsalında istifadə olunan texniki kartofların satılmasına dair məlumatlar yayılıb. Hətta məlumatlarda xərçəng xəstəliyinin sürətlə yayılmasının səbəblərindən biri də Bakıda əhaliyə satılan bu kartof sortunun olduğu bildirilir. 

Ümumiyyətlə texniki kartof nədir? Bu kartof sortu insanda hansı xəstəliyi yaradır?

İqtisadçı ekspert Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, texniki kartoflarla bağlı məsələ hələ 2016-cı ildə ANS TV-də müzakirə olunub:

"Həmin vaxt bu kartofları özüm efirdən göstərmişəm. Kartofları özümlə studiyaya aparmışdım. Orada onu kəsdik, içinin rənginin dəyişdiyini göstərdik. İndi biri çıxıb bunla bağlı fikir bildirir ki, bu texniki kartof ola bilər, əslində isə konkret faktı göstərmir. Bazara baxmaq, əgər bunlar varsa, onu ictimailəşdirmək lazımdır. Ekspert ona görə ekspertdir ki, faktı əyani göstərir".
 


Ekspert deyir ki, kartofun üç növü var:

"Yalnız texniki sort deyil. Birincisi, yemlik sort, mal-qara üçün yem. İkincisi, texniki sort, ondan sənayedə kraxmal şəkilində istifadə olunur. Bir də bizim bildiyimiz ərzaq üçün kartof. İnsanların nə yemlik, nə də texniki kartofu yeməsi məsləhət deyil. Nəyə görə? Texniki sortu torpaqdan çıxardandan sonra bir qədər açıq şəraitdə saxlayırlar. Harda ki, torpaqdan çıxarırlarsa oradaca sərirlər. Günəşin şüaları kartofun rəngini dəyişir. Kartoflarda solanin əmələ gəlir. Bu zaman günəş şüalarından kartofun rəngi yaşıl olur".

Bunu nəyə görə edirlər?

Vahid Məhərrəmli vurğulayıb ki, bunun səbəbini belə izah edib:

"Kartofu saxlayanda ona zərərvericilər toxunmasın. Çünki salinin insanları zəhərləyə bilər. Problem ondadır ki, bir çox hallarda solanin kartofun üst hissəsində də özünü göstərir. Kartofun üstü yaşıl olur. Texniki və yemlik kartoflar həddindən artıq böyükdür. Fermerlər xüsusi olaraq cibsi istehsalı üçün böyük kartoflar yetişdirir".
 


Bəs, bu kartofları necə ayrıd etmək olar?

İqtisadçı hesab edir ki, bu məsələdə məsuliyyət Qida Təhlükəsizlik Agentliyinin üzərinə düşür:

"Ölkəyə gətirilən bütün kartoflar yoxlanılmalıdır. Hətta ərzaq üçün olan kartoflar da yoxlanılmalıdır. Onların tərkibində müəyyən insan orqanizmi üçün ziyanlı maddələr ola bilər.  O vaxt da mübahisə yaranmışdı, deyirdilər ölkəyə belə kartof gətirilmir. Amma mən bunu əyani sübut elədim".

Vahid Məhərrəmli mütəxəssislərə səslənib:

"Gəlsinlər müzakirə edək. Texniki kartof adamı zəhərləyir, amma bununla bağlı ölüm hadisəsi olduğunu eşitməmişəm".

Bahar Rüstəmli
--> -->