"Təəssüf ki, belə qərarların gecikdirilməsinin şahidi oluruq. 10-12 il əvvəl agentliklər və publik hüquqi şəxslər yaradılanda ictimai çıxışlarımızda deyirdik ki, bu zamanla maliyyə yükünü artıracaq. Və bir müddətdən sonra büdcə bu yükü dartıb apara bilməyəcək. İndi elə bir vəziyyətə gəlib çatmışıq ki, yenidən bu məsələlərə baxmaq lazım gəlir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində bəzi qurumların - nazirliklərin, komitələrin, agentliklərin birləşdirilməsi və ya ləğv olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib.
Ekspert idarəetmənin optimallaşdırılmasının vacib olduğunu bildirib:
"Bu illər ərzində çoxlu iş yerləri yaradılıb. Düzdür, bəzisi lazımsız iş yerləridir, heç bir əlavə dəyər yaratmır. Amma yaradılıb və həmin yerlərdə 10 minlərlə insan çalışır. Yaxşı, bəs onlarla bağlı hansı qərarlar veriləcək? Bir qərar olmalıdır".
Natiq Cəfərli bildirib ki, təkmilləşdirmə və optimallaşdırma ilə bağlı qərarlar verilərkən öncə kiçik və orta sahibkarlığın önü açılmalıdır:
"Sahibkarlara o qədər güzəştlər tətbiq olunmalıdır ki, insanlar öz işini qura, biznesə keçə bilsinlər. Ən azından biznesdə işə düzələ bilsinlər".
Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi və stuktur islahatlarının aparılacağı ilə bağlı məlumatlar yayılıb. Məlumatda bəzi nazirliklərin, komitələrin, agentliklərin birləşdirilməsi, yaxud da ləğv edilməsi bildirilir.
Bahar Rüstəmli
Şərhlər