Xəbər lenti

Nüvə balansı dəyişir: ABŞ START-ı niyə uzatmaq istəmir? (ŞƏRH)
Dünya 13:48 26.02.2026

Nüvə balansı dəyişir: ABŞ START-ı niyə uzatmaq istəmir? (ŞƏRH)

Strateji Hücum silahlarının Azaldılması Müqaviləsinin (START) taleyi sual altındadır. Görünən odur ki, nə Rusiya, nə də ABŞ bu müqavilənin müddətinin uzadılmasında əvvəlki qədər maraqlı görünmür. Donald Tramp administrasiyası bəyan edib ki, yalnız üçtərəfli – Rusiya, Çin və ABŞ-ı əhatə edən silah nəzarəti sazişlərinin bağlanmasında maraqlıdır. Bu barədə açıqlama verən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, XXI əsrdə hər hansı nüvə sazişinin legitim və effektiv olması üçün Çin də həmin razılaşmanın tərəfi olmalıdır. 
 
Rubio qeyd edib ki, Pekin prosesə qoşulmasa, strateji hücum silahları ilə bağlı yeni razılaşma mümkün olmayacaq. Bir sözlə, Vaşinqton hesab edir ki, dünyanın iki ən böyük nüvə dövləti – ABŞ və Rusiya üçün məhdudiyyətlər müəyyən edən START-ın müddətinin uzadılması nə ABŞ-a, nə də bütövlükdə qlobal təhlükəsizliyə tam fayda verəcək. Çünki saziş Çini əhatə etmir və bu mənada natamamdır.

Qeyd edək ki, Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi Rusiya və ABŞ arasında strateji nüvə silahları arsenalının qarşılıqlı şəkildə məhdudlaşdırılmasını nəzərdə tutan ikitərəfli razılaşmadır. Yeni START (START III) kimi tanınan bu saziş nüvə başlıqlarına və onların daşıyıcılarına – qitələrarası ballistik raketlərə, sualtı qayıqlara və strateji bombardmançılara limit qoymaqla qlobal strateji sabitliyi qorumağı hədəfləyir. 

Lakin Rusiya 2023-cü ildə müqavilədə iştirakını dayandırdığını elan edib. Bununla belə, Kreml sazişin gələcəkdə uzadılmasında maraqlı olduğunu bildirir. ABŞ isə, göründüyü kimi, prosesə Pekinin də cəlb edilməsini əsas şərt  kimi irəli sürür və əks halda yeni razılaşmanın olmayacağını açıq şəkildə bəyan edir. Tramp  administrasiyasının digər məsələlərdə olduğu kimi, bu məsələdə də Çini əsas hədəf seçməsi başa düşüləndir. Çin son illərdə sürətlə inkişaf edir və artıq qlobal güc balansında ABŞ-la rəqabət aparacaq səviyyəyə çatıb. Bu paralel olaraq Pekin nüvə arsenalını da genişləndirir.  

Pentaqonun araşdırmalarına görə, Çin nüvə arsenalını sürətlə artırır və hazırda 500-dən çox operativ döyüş başlığına malikdir. Halbuki beş il əvvəl bu rəqəm təxminən 280 idi. Proqnozlara əsasən, 2030-cu ilə qədər Çin nüvə başlıqlarının sayını 1000-dən yuxarı qaldıra bilər. Hazırda Rusiyanın təxminən 6850, ABŞ-ın isə 6450 nüvə başlığı olduğu bildirilir və mövcud məhdudiyyətlər onların arsenalı artırmasını çərçivələndirir. Bu dinamika göstərir ki, orta perspektivdə Çin nüvə potensialı baxımından Vaşinqton və Moskva ilə fərqi xeyli azalda bilər. Bu isə, şübhəsiz ki, Ağ Evi narahat edir. Vaşinqton nüvə balansına üçüncü böyük gücün tammiqyaslı şəkildə daxil olmasını strateji risk kimi qiymətləndirir. Məhz buna görə də  müqavilənin uzadılmasını Çinin prosesə qoşulması ilə şərtləndirir.

Çin isə hələlik bu modelə qoşulmaq niyyətində görünmür. Belə olan halda, Pekin öz nüvə arsenalını genişləndirməyə davam edə bilər. Bu isə yaxın dövrdə START-ın uzadılması ilə bağlı razılaşmanın əldə olunmasını çətinləşdirir.  

Nəticədə, indiyədək müəyyən məhdudiyyətlərə əməl edən iki əsas nüvə dövləti də gələcəkdə arsenal artımına daha sərbəst yanaşa bilər. ABŞ-dan gələn bu təşəbbüs eyni zamanda Donald Trampın daxili siyasi strategiyasının elementi kimi də qiymətləndirilə bilər. Son aylarda keçirilən yerli seçkilərdə respublikaçıların zəifləməsi fonunda Tramp özünü qətiyyətli və sərt lider kimi təqdim etməyə çalışır. 

Strateji hücum silahları ilə bağlı mövqeyi də bu imicin formalaşdırılmasına xidmət edə bilər. Bununla belə, məsələ təkcə taktiki siyasi gediş deyil. Çinin nüvə arsenalını artırmaqda davam edəcəyi təqdirdə, Trampdan sonra hakimiyyətə gələcək administrasiyalar da böyük ehtimalla START-la bağlı yeni razılaşmanı Pekinin iştirakı olmadan məqsədəuyğun hesab etməyəcəklər. Bu isə qlobal silah nəzarəti sisteminin gələcəyini daha da qeyri-müəyyən edir. 

Rüfət Sultan

--> -->